“2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əmək haqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əmək haqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bəs, minimum əmək haqqı nə qədər arta bilər?
Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Minimum əmək haqqında yeni artım zamanı iki meyardan-ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizindən istifadə oluna bilər, – deyə o əlavə edib.
Deputat qeyd edib ki, 2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub:
“Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir.
Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.
İsmayıl Bakuvi
www.yenicag.az