Ehtimal üzərindən İTTİHAMLAR: Erməni həyasızlığının BİR BAŞQA MƏRHƏLƏSİ – Səxavət Məmməd yazır
Ermənistanla Azərbaycan arasında şərti sərhəd istiqamətində baş verənlər artıq atəşkəsin pozulmasından daha çox dünyaya kimin daha çox günahkar olmasını sübut etmək oyununa çevrilib. Azərbaycan tərəfi mart ayından başlayaraq Ermənistan ordusunun atəşkəsi pozduğunu bəyan edirdi.
Ermənistan tərəfi əvvəlcə bunu təkzib edir, Azərbaycan tərəfini ittiham edirdi. Daha sonra isə Ermənistan tərəfi atəşkəsin pozulması hallarını dolayı yolla boynuna aldı, ancaq bunu qismən atəşkəsin pozulması kimi qiymətləndirdi. Hətta rəsmi İrəvan açıqlamalarının birində “gün ərzində bir neçə güllə atılır, bunu ciddiyə almaq olmaz” deyirdi.
Hazırda isə Ermənistan tərəfi, demək olar hər gün Azərbaycan tərəfini yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edir. Rəsmi Bakı isə bunu təkzib edir. Ermənistandan fərqli olaraq Azərbaycan yalnız atəşin açıldığı mövqelərə cavab atəşi açıldığını bildirir.
Azərbaycan tərəfinin yaşayış məntəqələrini atəşə tutması inandırıcı deyil. Niyə? Çünki 2021-2022-ci illər sərhəd toqquşmaları zamanı Azərbaycan ordusunun əlində imkan var idi ki, nəinki yaşayış məntəqələrini atəşə tutsun, hətta yaşayış məntəqələrinə nəzarəti də ələ keçirə bilərdi. Ancaq Azərbaycan buna getmədi. Açıq şəkildə demək lazımdır ki, hətta Rusiya tərəfi Azərbaycanın Ermənistan daxilinə girməsində maraqlı idi. Ancaq rəsmi Bakı yaşayış məntəqələrinə girmədi. Yalnız strateji yüksəkliklərlə kifayətləndi. Antiterror əməliyyatı zamanı da Azərbaycan ordusu yaşayış məntəqələrinə zərbələr endirmədi. Sual yaranır, bu qədər fürsətlər var ikən ondan yararlanmayan ordu indi yaşayış məntəqələrini atəşə tutacaq? Hesab edirəm ki, gülüncdür. Bundan əlavə, Azərbaycan tərəfi suyu üfür-üfürə içir. Çünki rəsmi Bakı bilir ki, atacağı ilk yanlış addımda Qərbin təzyiqləri, hətta sanksiyaları ilə üz-üzə qala bilər.
Azərbaycan neft və qazının alıcıları Avropa ölkələridir. Ancaq rəsmi Bakı daha çox şərqdə tərəfdaşlar axtarır. Çinlə yaxınlaşma, əlaqələrin inkişafı da bu səpkidəndir. İndiki mərhələdə Qərbdən gələcək sanksiya Azərbaycanı ağır vəziyyətə sala bilər. Azərbaycan Çinə üz tutmaqla Qərb təzyiqini balanslaşdırmağa çalışır, dolayısı ilə Qərbdən gələn maliyyə asılılığından qurtulmaq niyyətindədir. Bu nə qədər alınacaq, alınmayacaq – indidən demək o qədər asan deyil. Düşünürəm ki, Azərbaycan bütün ümidlərini tranzit yollarına bağlamamalıdır. Əsas tranzit yolları üzərində yerləşən ölkələrin vəziyyəti göz önündədir. Nə isə, bu özü geniş bir yazının mövzusudur.
Ermənistanda fəaliyyət göstərən Avropa mülki missiyası da Ermənistan tərəfinin verdiyi açıqlamalara uyğun hesabat verir. Hətta yaşayış məntəqələrinin atəşə tutulduğunu və ehtimal ki, bunun Azərbaycan tərəfindən edildiyi yazılır. Ehtimal üzərindən ittiham da həyasızlığın başqa mərhələsidir.
Qısacası regionun kimin təsir dairəsində olacağı məlum olmadığı üçün sülh və müharibə mövzusu da naməlum qalır.