Son vaxtlar telekanallarda yayımlanan sosial verilişlərdə ekspert qismində təmsil olunan sənətçi, yazar və digər tanınmış insanların bir-birinin üstünə getməsi, bir-birinin ünvanına təhqiramiz ifadələr işlətməsi ictimaiyyətdə birmənalı qarşılanmır və sosial şəbəkələrdə müzakirələrə səbəb olur.
Yenicag.az-a açıqlama verən tanınmış yazıçı Firuz Mustafa bu tip hadisələrin nədən qaynaqlandığının səbəbləri barədə danışıb.
Yazıçı belə halların yaşanmasında kimlərin günahkar olduğunu da açıqlayıb:
“Efir etikasından kənar bu cür halların yaşanmasının bir neçə səbəbi var. O tip insanlar istəyirlər ki, söyüş söyməklə, bir-birinin ünvanına ağır ittihamlar səsləndirməklə, senzuradankənar ifadələr işlətməklə, bir-birinin başına qapaz vurub, üzlərinə tüpürməklə geniş aiditoriyada tanınsınlar. Əsas günahkar elə televiziyaların özüdür ki, həmin şəxslərə şərait yaradırlar, fürsət verirlər. Onlar verilişə kimi dəvət etdiklərinin fərqindədir və onlara da elə bu cür adamlar lazımdır. Verilişlərə çağırıb “buynuzlaşma”larına imkan verirlər. Bu adamlar da özlərinə diqqət yönəltmək üçün belə vasitələrdən istifadə edir.
Digər bir səbəb budur ki, onlara geniş reaksiya verən elə auditoriyanın özüdür. İzləyicilər böyük həvəslə belə verilişlərə baxıb müzakirə edirlər. Bu subyektlərdən kənarda başqa səbəb axtarmağa lüzum yoxdur. Televiziyalar tamaşçıları belə görmək istəyir, tamaşaçılar da öz növbəsində həmin verilişləri izləməkdən zövq alır”.
Cəvahir
www.yenicag.az