“Əl-Qaidənin yerinə İŞİD-in önə çəkilməsinin səbəbi…” – Azərbaycanlı politoloq
Terror təşkilatı olan İŞİD öz gücünü əvvəl İraqda göstərməyə başladı. İndi isə onun səsi dünyanın dörd bir tərəfindən gəlir. İŞİD-in fəaliyyətinə hətta Afrikada da rast gəlmək olar. Eyni zamanda, onlar Əfqanıstanda Talibanla döyüşür. Belə görünür, artıq Əl-Qaidə arxa plana keçirilir.
Görəsən, nə üçün Əl-Qaidənin yerinə İŞİD-in keçirilməsi istənilir? Niyə Ben Ladenin qurduğu terror örgütü arxa plana keçirilir?
Bu barədə Yenicag.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirdi ki, İslam dinini gözdən salmaq kampaniyası aparmaq üçün məhz Əl-Qaidənin əvəzinə İŞİD önə çıxarılıb: “Təəccüblənirəm ki, 30-40 il ərzində bir dövləti qurub, onun hərbi qüvvələrini yaradıb, insanları bəlli bir ideoloji dəyərlər istiqamətində kökləyirsən, amma görürsən bu istiqamətdə ciddi nəticələr də alınmır. İŞİD isə insanlığa zidd və qondarma ideyalarla adamları öz ətrafına toplaya bilir. Ən qəribəsi də odur ki, hər tərəfdən blokadaya alınmasına baxmayaraq, lazım olan hərbi sursatı da əldə edə bilir və bu yolla da təsir dairələrini genişləndirirlər. Bu fonda hazırda Əl-Qaidənin yerinə İŞİD-in gətirilməsi ideyası düşünməyə layiq ideyadır. Büdcəsi, mərkəzi idarəetmə aparatı olmayan, qurama, başıpozuq bir dəstə dünyanın bir çox yerinə öz təsirini yaya bilirsə, bu onu göstərir ki, həmin gücün arxasında müəyyən qüvvələr durur. Bu qüvvələr də dünyanı daima gərginlik altında saxlayan terrorçu qrupları dəstəkləyən bir mərkəzdir. İŞİD-ə dövlətlər tərəfindən yardım edilir, ona istiqamət verilir. Doğrudan da bu təşkilat müəyyən qüvvələrin əlində Əl-Qaidəni əvəz edən, İslamı daha artıq dərəcədə gözdən salan terrorçu bir qruplaşmaya çevrilib. Əl-Qaidənin yerinə İŞİD-in önə çəkilməsinin səbəbi İslamı gözdən salmağa hesablanmış addımdır. İŞİD Əl-Qaidəyə nisbətən insanlığa daha artıq dərəcədə zidd metodlarla idarəçilik sistemini həyata keçirir. Məsələn, İŞİD mövcud olduğu 2 il ərzində 3 min adamı çarmıxa çəkib, bir neçə min insanın boğazını kəsib. İŞİD qədim mədəniyyət nümunələrini dağıdaraq, yox edir. Qadın alverilə məşğul olurlar, onların əşya kimi bir şəxsdən digərinə satılmasını təşkil edir. Sivilizasiyaya zidd, murdar metodlar tətbiq edir ki, bununla İslam dinini gözdən salır, islamofobiyanı gücləndirirlər. Zənnimcə bu qruplaşmanın arxasında dayanan qüvvələr İslama nifrət edən qüvvələrdir.”
ELÇİN