Bu gün Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 18-ci ildönümüdür. 22 avqust 2000-ci ildə Ankarada vəfat edən eks-prezidentin dəfn mərasimi böyük izdihama səbəb olmuşdu.
Ə.Elçibəyin nəşinin Fəxri Xiyabana aparılarkən, çəkilən bir foto diqqətçəkici idi. Elçibəyin Milli Azadlıq Hərəkatından bəri silahdaşı, AXC hökuməti zamanı Füzuli rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmiş Şakir Abbasov təkbaşına tabutun ön tərəfində getməkdədir. Dövrü mətbuatın manşetində verilən şəkillə bağlı Yenicag.az-ın suallarını cavablandıran Şakir Abbasovun sözlərinə görə, o zaman bunun fərqində olmayıb: “Biz Bəyi itirmişdik və o halda şəkili düşünmürdük. İtkimiz böyük idi. Sadəcə, eks-prezidentimizi, partiyamızın sədrini deyil, evimdə çörək kəsdiyim dostumu, onlarla gizli tapşırıqlarını sorğu-sualsız yerinə yetirdiyim liderimizi itirmişdik. Sanki müxalifətin başına gələcəklərin təməlinin Bəyin getməsi ilə qoyulduğunun fərqindəydik. Onun üçün həm də buna görə, hamımız daxilən dağılmışdıq”.
Əbülfəz Elçibəyin prezident olmadan öncə bir neçə dəfə Füzuliyə gəldiyini bildirən Şakir Abbasovun sözlərinə görə, Elçibəyin bir gizli tapşırığını yerinə yetirmək üçün İrana gedib: “20 yanvar faciəsindən sonra Əbülfəz bəy məni çağırdı və bu müsibətlə bağlı xəbəri İrandakı soydaşlarımıza çatdırmaq lazım olduğunu bildirdi. Bunun üçün şəhidlərimizin şəkillərindən “vinetka” kimi yığdıq və gizli çap etdirdik. Mən o materialları gizli bir şəkildə İrana keçirtdim və Ərdəbildən Təbrizə qədər Bəyin dediyi yerlərdə insanlara payladım. Təbii ki, hər getdiyim yerdə Bəyin adamları vardı və onlar məni həm qoruyur, həm də fəaliyyətimə şərait yaradırdılar. Çox geniş təbliğat aparıb, bu barədə danışıb, bizə qarşı müsibəti anlatdım”.
Şakir bəy Əbülfəz Elçibəyin prezident olmadan öncə Füzulidə qonağı olduğundan da bəhs etdi: “ Mən AXC-nin rayonda rəhbəri və icra başçısı olduğum müddətdə bir qarış torpaq verməmişəm. Bəy bunu həmişə təqdir edirdi, xətrimi çox istəyirdi, biz də Bəyi”.
Həşim
www.yenicag.az