Britaniya Ukraynaya qoşun göndərilməsi üçün əsas şərti açıqlayıb
Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Riçard Nayton atəşkəsdən sonra britaniyalı hərbçilərin Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etməyib.
Yenicag.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
O bildirib ki, belə bir əməliyyat yalnız hərbçilərin təhlükəsizliyinin kifayət qədər təmin olunacağı halda mümkündür.
Riçard Nayton İcmalar Palatasının Müdafiə Komitəsində çıxışı zamanı qeyd edib ki, Londonun belə bir missiyanı həyata keçirmək üçün yetərli resursları mövcuddur.
Bununla belə, Britaniya KİV-lərinin yazdığına görə, Nayton Baş nazir Kir Starmer ilə söhbətində qarşıdakı dörd il ərzində ölkə Silahlı Qüvvələrinin 28 milyon funt sterlinq (təxminən 37 milyon dollar) həcmində maliyyə çatışmazlığı ilə üzləşə biləcəyini deyib.
Lakin Müdafiə Qərargahının rəisi bu məlumatları “spekulyasiya” adlandırıb.












