Əli Həsənov Çində görüşlər keçirib-Fotolar
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Çinə səfər çərçivəsində bu ölkənin digər rəsmiləri ilə də görüşlər keçirib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr üzrə nazir müavini Cou Li Əli Həsənov ilə görüşdə ötən il ÇKP nümayəndə heyətinin rəhbəri kimi Bakıya səfərini məmnunluqla xatırlayaraq, gündən-günə daha sürətlə inkişaf edən və modernləşən Azərbaycandan xoş təəssüratla ayrıldığını diqqətə çatdırıb. O, Bakı şəhərinin simasında müşahidə etdiyi dəyişikliklər, iqtisadi sahədəki dinamik inkişaf, aparılan islahatlar, sosial sabitlik və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində qazanılan nailiyyətlərdən məmnunluq hissi ilə bəhs edib.
Görüşdə tərəflər yaranmış mürəkkəb beynəlxalq vəziyyətdə iki ölkənin müxtəlif strukturları arasında siyasi məsləhətləşmələrin və dialoqun aparılmasının vacibliyini xüsusi qeyd ediblər.
Cou Li Çinin köklü maraqlarına cavab verən məsələlərdə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib.
Əli Həsənov Çinin qabaqcıl şirkətlərini Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak etməyə dəvət edib, onlara bu istiqamətdə hər cür şəraitin yaradılacağını deyib.
Cou Li Çin tərəfinin iqtisadi sahədə malik olduğu potensialı Azərbaycanla bölüşməyə və Çin investorlarının Azərbaycana qoyulan yatırımın həcminin artırılmasına hazır olduğunu bildirib.
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov 15 milyon əhalisi olan Tiencin şəhərində olub, Şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi, təbliğat-təşviqat idarəsinin rəisi Van Xenşen ilə görüşüb.
Van Xenşen Bakınn və Tiencinin liman şəhərləri olduğunu nəzərə çatdıraraq, onlar arasında gələcək iqtisadi əlaqələrin genişləndirilməsini təklif edib.
O qeyd edib ki, ölkənin əsas şəhərlərindən biri olan Tinecinin Şəhər Partiya Komitəsinin rəhbəri Çin KP Siyasi Bürosunun daimi üzvüdür. Bu şəhər tekstil, telekommunikasiya sahəsində Çinin ən aparıcı şəhərlərindən biridir.
Əli Həsənov Tiencin şəhərinin azad ticarət zonası, “Airbus” təyyarə zavodu, xarici ticarət limanı və s. müəssisələrlə tanış olub.
Görüşlərdə Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov iştirak edib(azadinform).