Elman NƏSİROV: ATƏT-in Minsk Qrupu “3+1” formatına keçir?

media-hightechnic-468x90

elmannesirliELMAN NƏSİROV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Siyasi
Araşdırmalar İnstitutunun direktoru,
YAP-ın Beynəlxalq əlaqələr komissiyasının
katibi, siyasi elmlər doktoru, professor

Məlum olduğu kimi, dekabrın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri gözlənilmədən Almaniyanın paytaxtı Berlin şəhərinə gəlmişlər. Bu haqda ABŞ-lı həmsədr Ceyms Uorlik öz twitter səhifəsində məlumat vermişdir. Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Almaniya hökumətinin dəstəyinə nail olmaqdan ibarətdir. Həmsədrlərin vasitəçilik funksiyasının səmərəlilik əmsalının sıfra bərabər olduğu bir reallıqda Almaniyaya üz tutmaları bir sıra nəticələrə gəlməyə əsas verir. Bəs onlar hansılardır?
Birincisi, bu addım həmsədrlərin vasitəçilik missiyasının uğursuzluğunun özləri tərəfindən etirafı kimi dəyərləndirilə bilər. İstisna deyildir ki, həmsədrlər uğursuz vasitəçilik səylərini Almaniyanın bu prosesə cəlb olunması hesabına kompensasiya etmək niyyətindədirlər. Görünür, BMT TŞ-nın daimi üzvlərinin Almaniya ilə “5+1” formatı çərçivəsində İranın “nüvə proqramı” ətrafında mürəkkəb danışıqlarda əməkdaşlıq etməsi təcrübəsi həmsədrlərin diqqətindən yayınmamışdır.
İkincisi, yuxarıda səsləndirilən məntiqdən çıxış edərək ehtimal etmək olar ki, həmsədrlər Berlinə gəlməklə Dağlıq Qarabağ münaqişəsinin sonrakı tənzimlənməsi prosesində Almaniyanın timsalında “3+1” formatı çərçivəsində danışıqların davam etdirilməsi siyasətinin anonsunu da verə bilərlər.
Üçüncüsü, yuxarıda söylənənlərə rəğmən, Almaniyanın postsovet məkanı siyasətində Dağlıq Qarabağ probleminin deyil, “Ukrayna böhranı”nın aradan qaldırılmasının prioritet məsələ olması reallığı həmsədrlərin rəsmi Berlinə olan ümüdlərinin dögrulması imkanlarını son dərəcə məhdudlaşdırır.
Dördüncüsü, həmsədrlərdən ABŞ və Fransanın digər həmsədr dövlət Rusiya ilə münasibətlərinin “Ukrayna böhranı” fonunda son dərəcə kəskinləşməsi Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə pessimist yanaşmasını və adekvat olaraq həmsədrlərə cavabını şərtləndirə bilər.
Nəhayət, indiki reallıqda Almaniyanın həmsədrlərlərə əməkdaşlığının heç də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə deyil, barışıq naminə “vasitəçilər arasında vasitəçiliyə” xidmət göstərəcəyini proqnozlaşdırmaq olar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600