Xarici İşlər naziri Elmar Məmmədyarov Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Yenicag.az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.
Səfir Valdas Lastauskas diplomatik fəaliyyətinin və bu istiqamətdəki təşəbbüslərin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə, Parlamentlər arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib.
Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov səfir Valdas Lastauskasın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.
www.yenicag.az