Xarici İşlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib.
Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Qətər Dövləti ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Qətər tərəfinə təşəkkürünü çatdırıb. Nazir Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Qətərin səfiri diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib. E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.yenicag.az