“Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair qərarından geri çəkilib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Vaşinqtonun ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün Türkiyədən YPG-PYD terrorçularına qarşı əməliyyat keçirməyəcəyinə təminat tələbini şərh edən politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın bu yanaşmasına baxmayaraq, Türkiyə Suriyadakı YPG-PYD terrorçularının mövcudluğuna göz yummayacaq:
“Əslində, ABŞ-Türkiyə münasibətlərinin normallaşdığını söyləmək çətindir. Düzdür, Donald Trampın açıqlaması ABŞ-ın öz qoşunlarının Suriyadan çıxaracağına dair Türkiyədə müəyyən ümidlər yaratmışdı.
Ancaq mənim o zaman da bununla bağlı şübhələrim vardi. Niyə? Çünki o vaxt Tramp bunu özbaşına bir qərar kimi ortaya atmışdı. Lakin Amerika sadəcə, prezidentdən ibarət deyil. Dövlət Departamenti, Pentaqon, CIA və başqa mühüm qurumlar var ki, onlar Trampın qərarlarına təsir göstərə bilirlər, belə addımların atılmasına qarşı çıxırlar.
Hətta vəziyyət o həddə qədər gərginləşdi ki, biz ard-arda bir neçə istefaların şahidi olduq. Tramp da anladı ki, belə vəziyyətdə tələsik qərar verilə bilməz. Düzdür, Tramp Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirdi. O, bir ticarətçi kimi düşünürdü ki, Türkiyə ilə silah ticarəti ABŞ-a xeyli pul qazandıracaq.
Ancaq çox təəssüf ki, Amerikanın dövlət strukturları kürdlərə dəstək verilməsi məsələsində yekdil mövqeyə malikdirlər. Con Boltonun Türkiyəyə səfər ərəfəsində belə açıqlama verməsi Ankarada ciddi narazılıq doğurub. Yəni Boltonun sözündən belə çıxdı ki, guya “Türkiyə kürdləri qırmaq istəyir və Amerika da kürdləri qorumalıdır”. Bu, kökündən yanlış bir yanaşmadır. Çünki dünyada ən çox kürd elə Türkiyədə yaşayır. Ən imkanlı kürdlər də yenə Türkiyədə məskunlaşanlardır.
O baxımdan, hesab edirəm ki, Tramp artıq öz qərarından geri addım atıb. ABŞ prezidenti sosial şəbəkədə yazdı ki, qoşunların Suriyadan çıxarılması ilə bağlı tələsik qərar verilməyəcək. Bu isə o deməkdir ki, ABŞ Suriyadakı “boşluğu” Türkiyənin doldurmasını istəmir. Lakin bütün hallarda Amerika onu da anlamalıdır ki, Türkiyə bu proseslərə seyrçi qalmayacaq və YPG-PYD-nin Suriyada mövcudluğuna göz yummayacaq.
Bununla belə, nəzərə alınmalıdır ki, Amerika əvvəl-axır Suriyadan öz qoşunlarını çıxarmalı olacaq və oradakı silah-sursatla təmin etdiyi terrorçu qruplaşmaları müdafiə edə bilməyəcək”.
Qeyd edək ki, ötən ay ABŞ prezidenti Donald Tramp Amerika hərbi kontingentinin Suriyadan çıxarılacağını bildirsə də, hazırda Vaşinqtonun belə bir addım atmaq niyyətində olmadığı ortaya çıxır.
ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ölkəsinin Suriyadakı hərbi mövcudluğunu dayandırmaq üçün Türkiyə qarşısında şərt irəli sürüb. Müşavir bəyan edib ki, ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarması üçün Türkiyə YPG-PYD terror qruplaşmalarına qarşı əməliyyat keçirməməyə təminat verməlidir.
A.Zeynalov
www.yenicag.az