“Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” layihəsinə START VERİLDİ
Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihənin icrasına başlayıb.
Yenicag.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan dövlətçiliyinə, milli maraqlara və ictimai sabitliyə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı elmi-analitik yanaşmalar formalaşdırmaq, həm ənənəvi, həm də rəqəmsal mediada yayılan ideoloji təsirlərin tənqidi təhlilini aparmaqdır. Bu təşəbbüs ictimaiyyətin maarifləndirilməsinə və informasiya təhlükəsizliyi sahəsində biliklərin artırılmasına yönəlib.
Layihə, xüsusilə gənclərin və media istifadəçilərinin informasiya savadlılığını artırmağı, onları dezinformasiyaya qarşı daha hazırlıqlı və ayıq düşüncəli olmağa təşviq etməyi hədəfləyir.
Bu təşəbbüs Azərbaycan cəmiyyətinin mənəvi və siyasi dayanıqlığının gücləndirilməsi, milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan informasiya mühitinin sağlamlaşdırılmasına dəstək məqsədi daşıyır.
Yenicag.az