“BMT artıq işləkliyini itirib və əgər Ərdoğanın təklifləri nəzərə alınmasa, mexanizm çökəcək”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Antalya Diplomatiya Forumunda Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.
Tehran Orucoğlu Ərdoğanın təklifinin BMT-nin gələcəyi üçün önəmli olduğunu vurğulayıb:
“Ərdoğanın BMT Baş Assambleyasının 74-cü sessiyası zamanı səsləndirdiyi “Dünya 5-dən böyükdür” sözləri bu gün də aktuallığını qoruyur. Türkiyə prezidenti veto haqqı olan 5 ölkənin BMT-nin fəaliyyətini qısıtladığını və onun təsir mexanizmlərinin işə düşməsini əngəllədiyi fikrini dəstəkləyir. Ərdoğan bu tezisində tam haqlıdır.
Antalya Diplomatiya Forumunda yenidən bu fikrinə qayıtması da Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır. Bildiyiniz kimi, Rusiya BMT-nin 5 daimi üzvündən biridir. Belə olan halda, BMT Rusiyanın Ukraynaya təcavüzünə səssiz qalmalıdır, çünki rəsmi Moskvanın veto haqqı var. Bu da, təbii ki, qurumun fəaliyyətsizliyini artırır. Faktiki olaraq bu gün BMT işləkliyini itirib. Biz bunu ən bariz formada Qarabağ məsələsinin həllinə dair qəbul edilmiş qətnamələrin 30 ilə yaxın bir müddət ərzində kağız üzərində qalmasında gördük. Odur ki, Ərdoğanın təklifləri nəzərə alınmalıdır. Əks təqdirdə, onsuz da işləkliyini itirmiş BMT mexanizmi çökəcək”.
Aqil Bəkir
www.yenicag.az