Pul xərcləməyə xəsislik etməyən ərəb ölkələrindən olan turistlər əksər dövlətlər üçün arzulanan qonaqlar sırasındadır. Son illər turizm sektorunda müəyyən canlanma müşahidə olunan Azərbaycanda ərəb turistlərin ölkəyə gəlişini stimullaşdırmağa cəhd göstərilir. Lakin bu səylərə baxmayaraq, ötən illə müqayisədə, bu ilin ilk iki ayında ərəb ölkələrindən ölkəmizə gələn turistlərin sayında 7 faiz azalma qeydə alınıb.
Görünən budur ki, dövlətin turizm sektorunu inkişaf etdirmək strategiyasına məhəl qoymayan turizm şirkətlərimiz vurğulanan azalmanın qarşısını almaq barəsində düşünmürlər.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, turizm üzrə ekspert Azər Allahverənov ərəb turistlərin Azərbaycana axınının səngiməsi ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, azalmanın əsas səbəbi sözügedən turistlərin səyahət üçün başqa ölkələri seçmələridir: “Bu baxımdan, ərəb turistlərin diqqətini cəlb etmək üçün daim yeniliklər etmək və onlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək lazımdır”.
Bu məsələyə münasibət bildirən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə saytımıza açıqlamasında qeyd edib ki, ölkəmizə gələn ərəb turistlərin sayının artması üçün bir sıra ciddi addımlar atılmalıdır: “Ərəb turistləri maraqlandıran yeni marşrutlar və proqramların tərtib edilməsi yaxşı olardı”.
Ərəb ölkələrindən olan turistlərin Azərbaycana maraqlarının azalmasına təsir edən amillərlə videomaterialdan tanış ola bilərsiniz:
Ayan Ağayeva
www.yenicag.az