Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni separatçıların bu gün saat 14:00-a planlaşdırdıqları mitinqin yeni detalları məlum olub.
Yenicag.az xəbər verir ki, maksimum kütləvilik yaratmaq üçün bütün “inzibati təşkilatlar”a tapşırıq verilib.
Belə ki, “inzibati strukturlar”da çalışanlara mitinqdə iştirakın məcburi olduğu, müəllimlər və həkimlərə iştirak etməyəcəyi təqdirdə, işdən qovulma ilə bağlı xəbərdarlıq edilib. “Ali məktəb” tələbələri aksiyaya qatılmayacaqları halda ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdar olunublar.
Həmçinin ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi uçun avtobuslar ayrılıb. Bununla yanaşı, mitinqə könüllü gəlmək istəyənlərə pulsuz yanacaq verilir. Mitinqə gələn hər bir kəsə 30-40 dollar təklif olunur.
Hadisə yerindən çəkiliş etmək üçün pulsiz internet paketlərinin paylanılacağı bildirilir. Əhali ilə aparılan danışıqların bir çoxunda sadə vətəndaşlar ailəlikcə mitinqdə iştiraka təhrik olunur.
Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.
*** 11:47
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni separatçılar bu günə mitinq planlaşdırırlar.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, mitinqin saat 14:00-da Xankəndində keçirilməsi gözlənilir.
Maraqlıdır ki, sözügedən aksiyaya hazırda həmin ərazidə yaşayan əhalinin marağı o qədər də çox deyil. Belə ki, insanları meydana cəlb edə bilməyən qondarma rejim “rəhbərliy”i Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətə olanlara belə komanda verərək bildirib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə bir yerdə mitinqdə iştirak etsinlər.
Sadə vətəndaşlardan həmçinin tələb olunur ki, ailəlikcə mitinqdə olsunlar. Əldə etdiyimiz məlumata görə, “dövlət müəssisələri”ndə çalışanlara sözügedən aksiyada iştirakın məcburi olduğu barədə dəfələrlə sərt xəbərdarlıqlar edilib.
Görünür xalq arasında nüfuzunu itirən və getdikcə məngənəyə sıxılan qondarma rejimin separatçı “rəhbərliy”i mitinqə mümkün qədər çox insan cəlb etməklə arxalarında xalq dəstəyi varmış kimi imitiasiya yaratmağa çalışırlar.
Bunun üçün hətta “hüquq-mühafizə” orqanlarının əməkdaşlarına da mülki geyimlə bu mitinqdə iştirak etmək barədə göstərişlər verilib.
www.yenicag.az