“Ermənilər daxili siyasi maraqlara uyğun olaraq istəyirlər ki...” – İrəvan İKİ YOL ARASINDA
“Ermənistan konstitusiyasının preambulasının dəyişdirilməsi məsələsi müzakirə olunmaması ilə bağlı səslənən fikirlər İrəvanın mövqeyini əks etdirən bir bəyanatdır”.
Bunu Yenicag.az-la söhbətində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Eks-nazir Ermənistan konstitusiyasının preambulasının dəyişdirilməsi məsələsinin hazırda müzakirə olunmaması ilə bağlı bu ölkənin ədliyyə nazirinin müavini Tiqran Daduntsun səsləndirdiyi bəyanata münasibət bildirib.
Xatırladaq ki, əsas qanunun preambulasında “Dağlıq Qarabağ”ın Ermənistana birləşməsinin zəruriliyi ilə bağlı bəndin yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Bununla əlaqədar isə Azərbaycan tərəfi dəfələrlə Ermənistandan konstitusiyanın dəyişdirilməsini tələb edib.
Prosesə münasibət bildirən T. Zülfüqarov xatırladıb ki, Ermənistanın siyasi gündəmində konstitusiyanın dəyişməsi mövzusu var və dəfələrlə də bunun barəsində bəyanatlar verilib:
“Lakin bununla bağlı müxtəlif səbəblər göstərilib. Bəlkə də ermənilər daxili siyasi maraqlara uyğun olaraq istəyirlər ki, bu prosesi digər bir prosesin tərkib hissəsi kimi etsinlər. Onların bəyan etdiyi kimi, 2027-ci ilə qədər sözügedən proses baş verməlidir. Hər halda, sonuncu bəyanat da buna aiddir və burada təəccüblü bir şey yoxdur”.
“Sadəcə olaraq, sonuncu açıqlama onunla bağlı ola bilər ki, dünən Prezident İlham Əliyev VII ADA Siyasi Forumundakı çıxışında bu mövzunu xüsusilə qeyd etmişdi. Dövlət başçısı əlavə etmişdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi ona görə irəli getmir ki, İrəvan rəsmi Bakının konstitusiya dəyişiklikləri ilə bağlı şərtini yerinə yetirmir. Həmçinin Prezident çıxışında onu da söylədi ki, vaxt gedir və biz bunu etməliyik. Fikrimcə, İrəvanın son addımları sülhə ziyan gətirməkdə davam edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov