“Ermənistan avantüra və saxtakarlıq istehsal edən zavoddur”
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov ermənilərin qondarma “soyqırım” kampaniyasıyla bağlı son durumu dəyərləndirdi:
“Böyük güclərin iştahıyla, digər dövlətlərin iştahı eyni olmamalıdır. Amma görünür ki, böyük dövlətləri yamsılayan dövlətciklər onların iştahını da mənimsəyiblər. Ermənistan avantüra, yalan və saxtakarlıq istehsal edən zavoddur və təəssüf ki, bir çox dünya dövlətləri bu zavodun ucuz və keyfiyyətsiz məhsullarından istifadə etməyi özlərinə sığışdırırlar. Sən gərək nə dərəcədə üzsüz olasan ki, bu boyda dünya dövlətlərinə qondarma “soyqırımı”nı sırıya biləsən. Bu azmış kimi Türkiyənin dövlət rəsmilərinin ağzından az qala ermənilərə qarşı soyqırım törədilməsini təsdiqləyəcək fikirlər də ala biləsən.
Sözün açığı, istər Əhməd Davudoğlunun, istərsə də Bülent Arıncın gündəmi silkələyən “improvizasiya”larına mən də bir ad verə bilmədim. Lakin hesab edirəm ki, aprelin 24-nə üç gün qalmış diqqəti bu açıqlamaları şərh etməyə yönəltmək lazım deyil. Əksinə, erməni hiyləsini yerlə bir etmək üçün dost və qardaş dövlətlər durmadan çalışmalıdırlar. Ermənilər artıq bir neçə raundu öz hesablarına xal qazanmaqla bitirə biliblər. İndi də həlledici zərbə endirmək növbəsi Türkiyə və Azərbaycanındır. Mənə maraqlı gələn məsələlərdən biri də odur ki, demokratiyanın, sülhün keşikçisi olan Qərb indi niyə yanlış tərəfdə yer alıb? Obamanın “soyqırım” sözünü işlətməməsi bizə dəstək oldu, yoxsa ABŞ-ın Avropanı da Cənubi Qafqazda oyun dışı saxlamasına xidmət etdi? Eyni anda Vatikan, Avropa Parlamenti Azərbaycan və Türkiyə kimi tərəfdaşlarla münasibəti soyudacaq addımlar atdılar. Bu erməni “zavod”unun qələbəsidir, yoxsa ABŞ-ın?
Hesab edirəm ki, bizə qarşı hər tərəfdən haqsızlıqların baş alıb getdiyi indiki həssas bir zamanda Azərbaycan özü özünün xilaskarı kimi çıxış etməlidir. Bunun üçün I Avropa Oyunları daxildən xaricə yeni açılmış qucaq rolunu oynaya bilər. Yəni I Avropa Oyunlarına ev sahibliyi edən ölkə olaraq onun təşkilati məsələlərində daha həssas davranmalıyıq. İstər dövlət KİV-ləri olsun, istərsə də müxalif və ya neytral KİV-lərin hər biri bu barədə həm ölkə vətəndaşlarını, həm də xariciləri maarifləndirməni düzgün həyata keçirməlidirlər. Əgər ermənilər yalanlarının 100 illik yubileyinə bu qədər dövləti inandıra bilirsə, biz də yenidən Avropaya sübut etməliyik ki, onlar tərəfdaş seçimində yanılıblar. Onlar erməni “zavod”unun məhsullarıyla zəhərləniblər. Bu zəhər dünyada yayıldıqca isə Azərbaycanı və Türkiyəni təkləmək üçün hər kəsin əlinə bəhanə verəcək. Buna isə nə Azərbaycan və Türkiyə dövləti, nə də iki qardaş ölkənin vətəndaşları laqeyd yanaşmamalıdırlar. Bu qələbə həm iqtidarın, həm də onunla birlikdə erməni yalanlarına etiraz edən vətəndaş cəmiyyətimizin, xalqımızın qələbəsi olmalıdır”