“Hazırda bölgəmizdə çox maraqlı proseslər baş verir. Dünən belə bir məlumat yayıldı ki, Ermənistan, ABŞ və Fransa Hindistanın müdafiə sənayesinin 2023-2024-cü maliyyə ilində ən böyük alıcıları siyahısında olub”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert ötən gün Ermənistan parlamentində büdcə müzakirələri zamanı maliyyə naziri Vahe Avanisyanın 2025-ci ildə ölkəsinin müdafiə sahəsinə 1,7 milyard dollar maliyyə ayırması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Adətən, Fransa, ABŞ və digər ölkələrə öyrəşmişdik, amma birdən-birə Ermənistanın bu siyahıda olması, əlbəttə ki, diqqəti cəlb etdi. Çünki dünyada yüzlərlə ölkə silah-sursat, o cümlədən digər hərbi məhsulların satışı ilə məşğul olurlar. Lakin birdən-birə bu siyahıda Ermənistanın olması və onun hər il Fransa, Hindistan və Yunanıstanla hərbi əməkdaşlıq qurması adi bir məsələ deyil. Çünki bütün bu məsələlər Cənubi Qafqazda maraqlarını həyata keçirmək istəyən dövlətlərin planlarının tərkib hissəsidir. Hindistan da o ölkələr sırasındadır ki, Ermənistanla ticari-iqtisadi əlaqələrini hərbi-texniki sahədə genişləndirməyə başlayıblar”, – o, əlavə edib.
Polkovnik diqqətə çatdırıb ki, bu gün Hindistan Ermənistana 214 mm-lik “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raket kompleksi, o cümlədən kontr-batareya radarları və digər hərbi texnikaları tədarük edir:
“Son olaraq isə Hindistan Ermənistana 300-500 km. məsafəni vurmaq gücündə olan “Pralay” raket sistemlərini satıb. Bütün bunlar Ermənistan tərəfindən ona görə alınır ki, onlar gələcəkdə Cənubi Qafqazda suyu bulandırıb kiməsə təzyiq göstərsinlər.
Burada hədəf bəllidir və söhbət Azərbaycandan gedir. Ona görə də Ermənistanı silahlandıracaqlar. Ermənistanın silahlandırılmasının arxasında, eyni zamanda, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması siyasəti durur ki, bu istiqamətdə də aktiv fəaliyyət göstərirlər. Onlar Ermənistana hərbi təyinatlı yük tədarük edir, onunla bir yerdə təlim keçir, erməni hərbçiləri regional sülh və təhlükəsizliklə bağlı əməkdaşlıq istiqamətində kurslara cəlb edir və onların hazırlıq səviyyəsini artırırlar”.
“Bu isə o deməkdir ki, bəzi ölkələr Cənubi Qafqazda müharibəni alovlandırmaq üçün Ermənistandan istifadə etməyi düşünürlər. Təəssüflər olsun ki, Ermənistan da bundan şirniklənib həm öz daxili imkanları, həm də kənardan verilən 100 milyonlarla dollar hesabına öz hərbi büdcəsini artırır. 1.7 milyard dollar hərbi büdcənin ayrılması da bununla bağlıdır. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh istəyirsə, onda bu yüz milyonlarla dollar dəyərindəki silah-sursat nə deməkdir?! Deməli, müəyyən planlar mövcuddur ki, o planların içərisində böyük dövlətlər var. Hansılar ki, Ermənistanı dəstəkləyir, eləcə də Avropa Parlamentində hansısa etnik təmizləmə və az qala “soyqırımı”ndan danışırlar”, – hərbi ekspert söyləyib.
Hərbi analitik diqqətə çatdırıb ki, Azərbaycan Ermənistana və onu hərbi-texniki cəhətdən təmin edən ölkələrə xəbərdarlıq edib:
“Daha çox isə son vaxtlar Hindistan rəsmilərinə xəbərdarlığımızı çatdırmışdıq. Ötən il ölkəmizdə diplomatik fəaliyyətə başlayan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyəti səfiri Bavitlunq Vanlalvavnanı qəbul edərkən Prezident İlham Əliyev Ermənistanın silahlandırması barədə danışanda, üstü örtülü də olsa, Hindistanın Ermənistana yardımlarının region üçün yeni təhlükələr yaratdığını qeyd etmişdi.
Qısacası, Ermənistan silahlanır və heç bir halda sülhlə razılaşmır. İrəvanın məqsədi tamam başqadır və bu işdə ona bəzi dövlətlər birbaşa, eləcə də dolayısı yollarla köməklik göstərirlər. Amma Azərbaycan da lazımi addımları atır. Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzə hazırda Azərbaycandadır. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstanda oldu, daha sonra Türkiyəyə səfər etdi. Bir sözlə, biz də potensial təhlükələri qiymətləndirərək bu addımları atırıq və atmağa davam edəcəyik”.
Xatırladaq ki, Ermənistan hökuməti 2025-ci ildə ÜDM-in 6%-ni müdafiə sahəsinə ayıracağını bəyan edib ki, bu da 1,7 milyard dollardan çox olacaq.
Parlamentdə büdcə müzakirələri zamanı maliyyə naziri Vahe Avanisyan bildirib ki, müdafiə sektorunun xərcləri 664,7 milyard dram təşkil edəcək ki, bu da 2024-cü ilin xərclərindən 20% çoxdur.
Rafi Müslümov
www.yenicag.az