“Ermənistanın qərbdəki kuratorları KTMT-ni nüfuzdan salmağa çalışır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O, Ermənistanın qurumdakı fəaliyyətini dondurmamasını şərh edib:
“Ermənistan KTMT-da atdığı addımlarla çalışır ki, təşkilatın katibliyi Ermənistanı bu qurumdan kənarlaşdırsın. Birbaşa olaraq, Ermənistan belə qərar verə bilmir, bunu etmək iqtidarında da deyil. Sonrakı proseslərdə özünə qarşı təhdidlərin, təhlükələrin olacağını zənn edir. Ona görə də yalnız gücü təşkilatın büdcəsinə ödəniş etməməklə və öz fəaliyyətini bu qurumda, hərbi-siyasi təşkilatda dondurmaqda görür, hətta bu davranışını bundan sonra da davam etdirəcəyini bəyan edir”.
Politoloq hesab edir ki, Ermənistan, əslində, qurumun nüfuzunu zəiflətmək istəyir və kuratorlarının diktəsini icra edir:
“Hesab edirəm ki, burada əsas məqsəd bundan ibarətdir ki, Ermənistan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzunu beynəlxalq miqyasda zədələməyə çalışır, qurumun nüfuzunu zədələməyə çalışır və çalışır ki, KTMT tərkibindən çıxmaqla birbaşa olaraq NATO strukturlarına inteqrasiya etsin. Həmçinin Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının missiyası bu işləri icra etmək üçün ilkin mərhələni icra edir”.
“Baxmayaraq ki, Avropa İttifaqı adı altında regiona gəliblər, amma Avropa İttifaqının tərkibində Kanadanın olması belə bir əsaslı şübhələr yaradır. Ona görə ki, Kanada Avropa İttifaqının üzvü deyil, NATO-nun üzvüdür və bu şübhəli regiona müdaxilə cəhdlərinin arxasında tamamilə başqa məqsədlərin durduğunu ehtimal edə bilərik. Ona görə də KTMT-nin maksimum diskriditasiya edilməsi, KTMT-nin nüfuzuna zərbə İrəvan tərəfindən icra olunur və Ermənistanın qərbdəki kuratorları bunu tələb edirlər. Ən azından belə görünür”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nurlan Cəfəri
www.yenicag.az