!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda növbədənkənar seçki ehtirasları: Paşinyanı kim və niyə tələsdirir?

!Reklam – Yazi

“Rusiya keçmiş prezidentlər Robert Koçaryanı və Serj Sarkisyanı yenidən hakimiyyətə qaytarmaq fikrində deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında baş nazir Nikol Paşinyanın Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsünün doğuracağı nəticələri dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı deyib.

Nikol Paşinyanın Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və mövcud fraksiyaların hökumət başçısı postuna namizəd irəli sürməyəcəkləri təqdirdə istefaya getməyə hazır olduğunu bildirməsi işğalçı ölkədə yeni siyasi situasiya yaradıb.

Maraqlıdır ki, sentyabrın ortalarında parlament seçkilərinin gələn ilin ortalarında keçirilməsinin məqsədəuyğun olduğunu bəyan etmiş Paşinyanın belə kəskin dönüş etməsi daxili siyasi gərginliyi artırıb.

Paşinyanın hakimiyyətə gəlişinə loyal münasibət bildirən parlament fraksiyaları baş nazirin növbədənkənar seçkilərin keçirilməsində niyə tələsdiyinin səbəblərini dəqiqləşdirməyə çalışır. Hətta Paşinyanın koalisiya ortaqları olan daşnaklar da baş nazirdən bu məsələyə dair ağlabatan izahat tələb edirlər.

Təbii ki, Ermənistanda növbədənkənar seçki məsələsinin aktuallaşması bu ölkəyə öz qarşıdurmalarının yeni poliqonu kimi baxan Rusiya və ABŞ-ın diqqətindən kənarda qala bilməz. Lakin hələlik nə Moskva, nə də Vaşinqton bu barədə mövqe bildirməyə tələsmir.

Mövzu haqqında Yenicag.az-a danışan professor Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistanda yeni vüsət alan proseslərin Paşinyanın maraqlarına uyğun şəkildə inkişaf edəcəyi gözlənilir:
“Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün yeganə yol olaraq, növbədənkənar parlament seçkilərinin dekabrın ilk yarısında keçirilməsini görür. Dünən parlamentdə bu qərara qarşı çıxanlar yenə də əvvəlki kimi zorakılığa məruz qaldılar və Paşinyan Ermənistan parlamentinin binasını mühasirəyə aldırmaqla, növbədənkənar seçki qərarının çıxarılmasına nail olacaq.

Artıq parlamentdəki partiyaların fraksiya rəhbərləri növbədənkənar seçkilərin əleyhinə olmadıqlarını bəyan edirlər. Hətta daşnakların lideri Armen Rustamyan bununla bağlı bəyanat verdi və onun partiyası koalision hökumətdə təmsil olunan nümayəndələrini geri çağırdı.

Paşinyan bilir ki, əslində, xalqı təmsil etməyən bu parlamentə öz tərəfdarlarının sabit çoxluğuna nail ola biləcək. Bu isə məlum klanların zərərsizləşdirilməsi deməkdir.

Ermənistanda növbədənkənar seçki məsələsi ətrafında başlayan prosesin yönləndirilməsində hansı ölkələrin xüsusi rolunun olduğunu indidən söyləmək çətindir. Əlbəttə ABŞ və Rusiyanın Ermənistanda gedən proseslərdə öz ciddi maraqları var.

Amma Rusiyanın artıq siyasi ömürlərini başa çatdırmış fiqurları – keçmiş prezidentlər Robert Koçaryanı və Serj Sarkisyanı yenidən hakimiyyətə qaytarmaq fikrinə düşməsi inandırıcı deyil. Rusiya böyük ehtimalla Ermənistanda başlayan yeni prosesin bir müddət öz axarı ilə getməsini, suların bir qədər durulmasını gözləyəcək.

Paşinyan baş nazir postundan istefa verməyə hazır olsa da, bu vəzifənin icrasını davam etdirəcək. Növbədənkənar seçkilərdən sonra isə böyük ehtimalla yenidən baş nazir seçiləcək”.

A.Zeynalov

www.yenicag.az

4046
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv