Ermənistanda siyasi çevriliş SSENARİSİ: Rusiya revanşa HAZIRLAŞIR?
“Son illərdə Rusiya ilə Ermənistan arasında, şübhəsiz ki, bir çox istiqamətlərdə gərginlik hökm sürür. Ermənistanın hazırkı siyasi rəhbərliyinin Qərb meylli siyasət yürütməsi, Avropa İttifaqına inteqrasiya məsələləri və ümumiyyətlə, Qərbin, xüsusən Amerika Birləşmiş Ştatlarının Avropada bir təsir vasitəsinə çevrilməsi Rusiyanı bu proseslərə biganə qoymur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
Siyasi təhlilçi son günlər Ermənistanda Rusiyaya bağlı güclərin yenidən aktivləşməsi prosesində Moskvanın İrəvana qarşı apardığı təzyiq siyasətini analiz edib.
Onun sözlərinə gör, Rusiya bu məsələlərə seyrçi kimi yanaşmır və əksinə, bu inkişaflar onu ciddi şəkildə narahat edir:
“Kağız üzərində olsa da, bu gün Ermənistan və Rusiya müttəfiq sayılır və Rusiya Ermənistan üzərində bir çox təzyiq rıçaqlarına və təsir imkanlarına malikdir. Bununla belə, Paşinyan hakimiyyətinin Rusiyaya arxa çevirdiyini və Qərbə meyl etdiyini müşahidə edirik. Təbii ki, Rusiya tərəfi bu məsələlərlə bağlı zaman-zaman sərt və qəzəbli bəyanatlar səsləndirib. Elə son günlərdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin açıq və sərt ifadələrlə çıxış edərək, Ermənistanı anti-Rusiya mövqe tutan Qərb dairələri ilə əməkdaşlıqda ittiham edib və bu ölkəyə müəyyən hədələr də səsləndirib. Bildirilib ki, Ermənistan bu gün Qərb dairələri tərəfindən idarə olunur və Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün vasitəyə çevrilib”.
S. Kərimlinin fikrincə, bütün bu detalları və baş verən prosesləri Rusiya ciddi şəkildə izləyir və dəyərləndirir:
“Görünən odur ki, artıq Rusiya Paşinyan hakimiyyətini devirmək və yerinə Rusiyapərəst, birbaşa Moskvanın təsiri altında olan siyasi qüvvələri hakimiyyətə gətirmək niyyətindədir. Bu səbəbdən son günlər Ermənistanda radikal qüvvələrin və qruplaşmaların yenidən fəallaşmasının şahidi oluruq. Aydın görünür ki, Rusiya Ermənistanı yenidən qarışdıraraq Paşinyan hakimiyyətini ya devirməyə, ya da ona ciddi təzyiqlər göstərməyə çalışır”.
Analitik əlavə edib ki, bu baxımdan, Paşinyanın impiçment məsələsinin gündəmə gətirilməsi və parlamentdə müxtəlif siyasi dairələrin bu istiqamətdə təşəbbüslərlə çıxış etməsi də müşahidə olunur:
“Bu proseslər birbaşa Rusiya tərəfindən yönləndirilir. Paşinyanın Qələbə Günü ilə bağlı Moskvaya səfər edib-etməyəcəyinə gəldikdə isə görünən odur ki, Paşinyan bu səfərdə maraqlı deyil və nəyin bahasına olursa olsun, manipulyasiyalarla bu görüşdən yayınmağa çalışır. Çünki Qərb dairələri, xüsusən də Avropa İttifaqının xüsusi nümayəndəsi Kaya Kallas və ardınca Ukrayna prezidentinin Qələbə Günü paradı ilə bağlı səsləndirdiyi qərəzli və birmənalı olmayan fikirlər Paşinyanı bu səfərdən imtina etməyə vadar edir”.
“Bütün bu proseslərin fonunda bölgədə yaxın dövrdə sabitlikdən, siyasi və ümumi təhlükəsizlikdən danışmaq çətindir. Çünki həm Rusiya, həm də Qərb dairələri, Cənubi Qafqaz uğrunda müxtəlif məkrli planlar həyata keçirirlər. Təəssüf ki, bu proseslərdən əsas zərər görən tərəf, təbii ki, Azərbaycandır. Çünki Azərbaycanın haqlı və ədalətli şəkildə sülh və təhlükəsizlik istəyi bu cür geopolitik oyunlarla əngəllənir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov