“Ermənistandakı mövcud diktatura rejimi, …”
Regional təhlükəsizliyə əsas təhdid Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətidir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.
İlham Əliyev bildirib ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır işğal altındadır: “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan onlara əməl etməməkdə davam edir və münaqişə həll edilməmiş qalır”.
Prezident qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü əsasında həll edilməlidir: “Təəssüf ki, Ermənistandakı mövcud diktatura rejimi müasir dünyanın reallıqlarını ayıq şəkildə qiymətləndirməyə və beynəlxalq hüquq normalarını adekvat qəbul etməyə qadir deyil”.
Dövlət başçısı deyib ki, Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana nifrət hissi aşılayaraq Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıb, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirərək münaqişənin uzanmasının mümkün nəticələrinə görə məsuliyyət daşıyır”.
****
Azərbaycan Xəzərdəki qonşuları ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir. AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: “Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadı gücləndirməyə imkan verəcək”.
İlham Əliyev bildirib ki, Xəzər dənizi gələcəkdə də sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak edir.
Dövlət başçısı sammitdə çıxış edib. Prezidentin çıxışının videosunu təqdim edirik.