“Ermənistanın arxasında duran istər Avropa Şurası olsun, istər Rusiya onları qandırmalıdır ki, Azərbaycan qarşısına şərt qoyacaq nə gücdə, nə də potensialdadır. Razılıq vermisənsə, əməl edib Zəngəzur dəhlizini açmalısan”.
Bunu Zəngəzur dəhlizi ətrafında dönən proseslər və Ermənistan tərəfinin çıxılmaz durumunu şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, 10 noyabr bəyannaməsindən sonra tərəflər öz üzərinə kommunikasiyaların açılması ilə bağlı öhdəlik götürdü, ancaq erməni tərəfi buna əməl etmir:
“Məlum bəyannamə razılaşmalardan sonra imzalanmışdı. Kommunikasiya dedikdə Rusiya, Türkiyə və Azərbaycanın maraqlarını təmin edən Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur. Bəzən sual verilir ki, niyə görə məhz Zəngəzur dəhlizi? Azərbaycanı Naxçıvana bağlayan köhnə dəmir yolu və şose yolu vardı. O yol istifadəsiz qaldı, ermənilər o yolu dağıtdı. O yol İranla sərhəddən keçirdi. Yol həm də çox mürəkkəb yerlərdən, tunellərdən keçdiyinə görə tunellər dağıdıldı, İranın yaratdığı bir neçə dəryaçadan biri də yolun müəyyən hissəsini suyun altına almış oldu. Ona görə də Meğri dəhlizi yox, bir qədər sərhəddən içəriyə doğru, daha uyğun yerdən Zəngəzur dəhlizi məqbul sayılır. Görünən odur ki, həmin müddətdən üzü bəri Ermənistan müxtəlif bəhanələrlə dəhlizin açılmasını, inşasını uzadır. Ən əsası, Ermənistanı yaradan, onun hamisi olan Rusiyanın marağına baxmayaraq, bu məsələdə irəliləyiş yoxdur.
Əvvəl düşünürdük ki, İranın maraqları var, ona görə bu proses uzanır. Son Aşqabad görüşü Azərbaycan üçün olduqca uğurlu oldu. Əslində, digər ölkələr üçün də bunu demək olar. Bundan sonra belə fikir formalaşdı ki, İran artıq layihə ilə razıdır. Rusiya ilə də müəyyən razılaşmaların əldə edildiyi deyildi. Ermənistan düşünür ki, dəhliz açılarsa, İranla onun arasında məhdudiyyət yaranacaq. Əslində, bu elə deyil. Yolla qovuşacaq. Ermənistan Gürcüstana çıxmaq üçün daha çox şimal dəhlizini istəyir. Araşdırma onu göstərdi ki, dəhlizlərin bir-birinə heç bir maneçiliyi yoxdur. Şimal dəhlizi üçün 4 milyard pul lazımdır. Oradan dəmiryolunun keçməsi qeyri-mümkündür. Həm də buna sponsor tapmaq imkansızdır. O zaman sual olunur ki, Ermənistan bunu edə bilməyəcəksə, niyə Zəngəzur dəhlizinə mane olur? Bunu anlamaq çətindir.
Əvvəl elə düşünülürdü ki, bunu revanşistlər edir. İndi görünən odur ki, bu gün mütləq hakim olan Nikol Paşinyanın lideri olduğu Vətəndaş Sazişi fraksiyası bu işin əleyhinədir. Burada mücərrəd suallar çoxdur. Görünən odur ki, ermənilərin cırtdan boyuna, heç bir iqtisadi potensialı olmadan davranışlarına səbəb “Böyük Ermənistan” xülyasıdır. Bu ideya onların beyinlərində qalıb. Düşünürlər ki, Azərbaycan, Türkiyə oradan keçəcək, Ermənistan iki türk ölkəsi arasında əriyəcək”.
Hərbi ekspert Azərbaycan tərəfinin çox ciddi humanitar güzəştə getdiyini vurğulayaraq bunları deyib:
“Azərbaycan öz ərazisində cəmisi 50 min olmayan ermənilər üçün şərait yaradıb 5 km enində koridor verir. Ancaq Qarabağdakı ermənilərdən 10 dəfə çox, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana ayrıca bir dəhliz verilmir. Bunun cavabını tapmaq qeyri-mümkündür. Ermənistan bu dəhlizi verməyə məcburdur”.
Səxavət Məmməd
www.yenicag.az