Bakıda köhnə binadan tökülən daşlar TƏHLÜKƏ MƏNBƏYİNƏ ÇEVRİLİB
Bakının mərkəz rayonlarından olan Səbaildə, Badamdar qəsəbəsindəki İqor Ağayev küçəsində yerləşən 6 nömrəli bina təhlükəli vəziyyətdədir.
Sakinlərin Yenicag.az-a verdiyi məlumata görə, uçmuş tavanı, qırılmış pəncərələri və yararsız hala düşmüş pilləkənləri sakinlərin həyatını hər gün risk altında saxlayır.
Təhlükə təkcə bina daxilində yaşayanlar üçün deyil, eyni zamanda ətrafdan keçənlər üçün də ciddidir, çünki binadan mütəmadi olaraq daşlar tökülür.
Sakinlərin sözlərinə görə, binanın zirzəmisi tamamilə su içindədir, tüstü bacaları dağılıb, damın üstü isə xarab olub. Ən təəssüfedici məqam isə odur ki, bütün cari təmir işlərini sakinlərin özləri həyata keçirməli olurlar.
“Biz dəfələrlə müvafiq qurumlara müraciət etmişik, amma heç bir nəticə yoxdur. 144 nömrəli Mənzil İstismar İdarəsinə və Səbail Rayon İcra Hakimiyyətinə yazılı şikayətlər göndərilsə də, real addımlar atılmır,” – deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Səbail rayonu Badamdar qəsəbəsi İqor Ağayev 6 ünvanına yerində baxış keçirilib və binanın qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı aidiyyəti üzrə rəsmi müraciət ünvanlanıb.