Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.
Yenicag.az xəbər verir ki, həmçinin Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Şimali Kiprin rəhbəri Ersin Tatara və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə əklil və gül dəstələri qoyulub.
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Türk şəhidliyi” abidəsinin xatirə kitabına ürək sözlərini yazıb./Azərtac
www.yenicag.az