“Bəzi insanlar Günəşdən enerji aldıqlarına, isti havaları daha çox sevdiklərinə görə bu fəsildə daha əsəbi olmasalar da, bəzilərinə isə Günəşin istisi, ümumiyyətlə, isti hava onların psixologiyasına mənfi təsir göstərir”.
Bu fikiləri Yenicag.az-a açıqlamasında yay fəslində insanların daha çox aqressiyalı və gərgin olmasının səbəbləri haqda danışan psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, yayda və fəslin sonunda aqressiv insanlarla daha çox rastlaşılır:
“İnsanlar hər zaman planlı şəkildə həyat sürdüklərinə görə, davamlı olaraq həyatın bütün addımlarını, anını planlayırlar. Bəzən həyat onların planladığı kimi, istədiyi kimi getməyə bilir. Onlar yay fəslində “harasa istirahətə gedəcəyəm” kimi planlar quraraq, müəyyən məbləğdə pul yığmağa çalışırlar. Lakin bəzən planlar istənilən kimi olmayanda, yayın sonunda bəzi şəxslərin planlarının “suya düşməsi” onları daha aqressiv olmağa sövq edə bilir. Düzdür, bəzi insanlar Günəşdən enerji aldıqlarına, isti havaları daha çox sevdiklərinə görə bu fəsildə daha əsəbi olmasalar da, bəziləri nə isə günün istisi, ümumiyyətlə, isti hava onların psixologiyasına mənfi təsir göstərir. İstidən insanların arterial təzyiqin artması, hormonların ifrazının azalması da gərginliyə səbəb ola bilir. Elə şəxslər var ki, orqanizmi 40 dərəcə havaya uyğunlaşa bilsə də, digərləri hətta 30 dərəcə temperaturda belə əsəbi və gərgin olurlar”.
Psixoloq qeyd edib ki, bəzi insanlar da var ki, onlar xüsusilə yay aylarında başqalarının xoşbəxtliyini həzm edə bilmirlər:
“Fərdlərin aqressivliyini ən çox ictimai nəqliyyatda müşahidə edə bilirik. Bəzi insanlar da var ki, onlar xüsusilə yay aylarında başqalarının xoşbəxtliyini həzm edə bilmirlər. Yayda bir çox insan getdiyi tətillərdən , istirahət mərkəzlərindən sosial şəbəkələrdə şəkillər paylaşır. Ona görə də bu hal bəzi şəxslərdə “niyə mən yox?”, “niyə məndə yoxdur?” kimi fikirlər formalaşdırır. Bu halda da bəzən aqressiya insanda pik həddə çata bilir. Ona görə də özümüzü sevməyə çalışmalıyıq. Özümü bizə dəyərli hiss etdirən insanların yanında olmalı, həyatımızın hər anından zövq almağı, istiahəti paylaşım üçün deyil, real yaşamağı bacarmalıyıq.
Ümumiyyətlə, insanların aqressiyası kin, nifrət, paxıllıq kimi duyğulardan yaranır. Ona görə də bu hissləri özümüzdə heçə endirməliyik. Həyatı sadəcə özümüz, öz arzularımızı reallaşdırmaq üçün yaşamalıyıq”.
İsmayıl Bakuvi
www.yenicag.az