Evli qadını sevən azərbaycanlı rejissor

media-hightechnic-468x90

ooooooooo…İçindən

Kommunist küçəsinə çıxan təəccübüm,

oğrularından qorxan cibim,

ölüm ayağındadır indi

Biçarə şəhər,

İçəri şəhər…

 

Vaqif Səmədoğlu

O, doğulub-böyüdüyü biçarə şəhərin son günlərini lentə köçürə bilmişdi. Çəkdiyi filmlərə İçərişəhərin ruhunu, insanlarını, daşlarını həkk etmişdi. İndi ölüm ayağında olan İçərişəhər onun əbədi muzası idi.

15 il Bakının müxtəlif yerlərində kirayədə yaşamışdı. Xalq yazıçısı Anarın dediyi kimi, harda qalmasından asılı olmayaraq, Arif Babayev hər hansı mənzildə, evdə deyil, elə Bakıda yaşayırdı. Bakının hər küçəsi, hər tini onun evi idi.

Ailə qurmamışdı, övladı yox idi, amma 54 illik qısa ömrünə 9 film sığdıra bilmişdi. Arif Babayev bu dünyaya kino üçün gəlmişdi. Gəlmişdi ki, “Uşaqlığın son gecəsi”ni, “Gün keçdi”ni, “Bizi bağışlayın”ı çəksin, həmişə darıxsın və desin: “Dəlisov şeydir kino. Çətinliklərim çox oldu. Hamısını otağımda tək həll elədim. Nə isə, yaşasın həyat!”

Sən, ey uşaqlıq…

Arif Babayev 1928-ci ilin avqustunda İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı ata mülkündə doğulub. Köklü içərişəhərli olub.

Anası Səriyyə xanım evdar qadın imiş. Ana babası Zeynal kişi dövrünün məşhur tacirlərindən biri. Simic olduğundan hamı ona “cuhud Zeynal” deyərmiş.

İçərişəhərdə 6-7 mülkü olan atası Hacıağa kişi müharibəyə qədər Partiya Təşkilatının rəhbəri, müharibədən sonra isə bir neçə bazarın müdiri kimi çalışır.

Ailədə incəsənət adamı olmasa da, Səriyyə xanım gözəl qarmon çalarmış.

 

Beş qardaşın ən böyüyü

Arif 5 uşaqlı ailənin ən böyüyü olub. Arif , Akif, Dias, Vasif və Azər. Aralarındakı ən böyük fərq yaşları yox, xasiyyətləriymiş.

Böyük qardaş olduğundan Arifin xasiyyəti tünd olub. Vaqif Mustafazadə ilə dostluq edən Vasif Babayev deyir ki, Arif evə gələndə Vaqif həmişə qaçırmış. Yaşıdları belə ondan çox çəkinərmiş.

Futbolu çox sevib. İndiki Sabir bağının yerindəki boş sahədə futbol oynayan Arif hətta futbolçuların şəkillərini cibində gəzdirərmiş.

Caz musiqisinin populyarlıq qazandığı o illərdə Arif də truba çalırmış. Atası “Adə, yekə kişisən, az çal bu zurnanı. Get əməlli iş gör”, – deyə etiraz edəndə o ancaq “Ata, bu, zurna deyil, trubadır” deyə bilərmiş.

Bir gün ata və anasını məktəb buraxılışına çağırırlar. Şagirdlər öz bacarıqlarını nümayiş etdirir, Arif də şeir deyir. Tədbirin sonunda müəllimlər Hacıağa kişiyə təşəkkür edir. Atası məhz o gün Arifdəki istedadı sezir və oğlu dram dərnəyinə gedəndə də ona etiraz etmir.

 

15 yaşında səhnədə

Arif Bakı Pionerlər Evindəki dram dərnəyinə yazılır. Müharibə illərində, o çətin günlərdə Arifi məhz teatr, incəsənət xilas edir. 15 yaşı olanda “İbrət” tamaşasında kiçik rolla Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edir.

Teatr texnikumunu bitirsə də, nədənsə, Arif kamera qarşısında deyil, kamera arxasında olmağı seçir. 1953-cü ildə o, İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirir. İlk illər Naxçıvandakı Uşaq Gənclər Teatrında işləyir. Daha sonra Ağəli Dadaşovun köməkliyi ilə Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayır.

1956-cı ildə Rauf Kazımovskinin dəvəti ilə dövlət televiziyasına gəlir. Uzun illər televiziyada biri-birindən maraqlı layihələr, verilişlər hazırlayır.

Amma Arifin kinoya marağı heç vaxt azalmır. Teatrda işlədiyi illərdə belə o, demək olar ki, hər gün “Azərbaycan” kinoteatrında bir neçə filmə baxır.

Kino sənəti, texnikası ilə bağlı cild-cild kitablar indi Vasif Babayevin evindədir.

 

Qısaömürlülər nəsli

İçərişəhərin mərkəzində, Şirvanşahlar sarayının yanındakı bağın yerində Arifgilin ikimərtəbəli evi varmış. O ev söküləndən sonra Arifin gözlərinə qəribə bir kədər çökür. Xoşbəxt uşaqlıq illəri, xatirələri də o evlə birlikdə dağılır.

Qardaşı deyir ki, evləri söküləndə Arif ora gedir, dağıntılara baxıb ağlayırmış.

Arif 1956-cı ildə atası Hacıağa kişini, iki il sonra isə anası Səriyyə xanımı itirir. Bu nəslin nümayəndələrinin əksəriyyəti şəkər xəstəliyindən əziyyət çəkir.

Rejissor özü də bu xəstəliyə düçar olur. Qardaşları Akif 61, Dias 59, Azər isə 62 yaşında köçür bu dünyadan.

 

Kirayələrdə keçən ömür

Valideynlərinin vəfatından sonra hər şey dəyişir. İntellektual, hər gün yazı-pozu işiylə məşğul olan rejissor quşbazlıq edən qardaşı Akif, boksçu Dias, yavaş-yavaş məktəbdən soyuyan balaca Azərlə dil tapa bilmir.

Vasif Babayevin sözlərinə görə, səhər kim tez yuxudan dursa, Arifin paltarlarını geyinib qaçırmış. Nəsə yazıb-oxumaq istəyəndə həyətin səs-küyü ona mane olurmuş.

Arif Babayev belə yaşamağın mümkün olmadığını görüb kirayəyə çıxır. 15 il şəhərin müxtəlif yerlərində yaşayır. Ancaq balaca qardaşları Vasif və Azərə görə tez-tez İçərişəhərə baş çəkir.

1968-ci ildə çəkdiyi “Uşaqlığın son gecəsi” filmindəki Davud obrazı qardaşı Akifin prototipidir. Damda göyərçin saxlayan, başında aerodrom papaqla gəzən Akif buna görə həmişə onunla dalaşar, “Məni bütün ölkədə biabır elədin” – deyərdi.

Yemək bişirməkdən zəhləsi gedirmiş. Yeməyini indiki Muğam mərkəzi ilə üzbəüz köhnə “İnturist”də yeyərmiş.

Maqsud, Rüstəm İbrahimbəyovlar, Anar, Yusif Səmədoğlu, Əkrəm Əylisli ilə tez-tez o restoranda görüşər, səhərə qədər yeyib-içərmişlər.

Çox bədxərc imiş. Televiziyadan, kinolardan qazandığı pulu elə bir günün içində xərcləyərmiş.

 

“Stilyaqa”

Xruşşovun hakimiyyətə gəlməsindən sonra rejim nisbətən yumşalır, xarici ölkələrlə əlaqələr genişlənir. Arif də xaricə gedən tanışlardan, alverçilərdən bahalı paltarlar alırmış. Dama-dama pencək, yaşıl şalvar, qırmızı qalstuk taxarmış.

O dövrdə Arif kimi geyinən gənclərə “stilyaqa” deyirlərmiş. Saçları uzun, şalvarlarının balağı enli şəhər uşaqları yaşıdlarından çox fərlənirmiş. Arif Məlikov, Fikrət Əmirov, Yusif Səmədoğlu da o nəsil nümayəndələridir.

 

“Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək, ölüm sənə yaxınlaşıb”. Bu sözlər də Arif Babayevə məxsusdur.

 

Tənha intellektual

60-70-ci illər kinematoqrafiyasına romantika, sadəlik və reallıq gətirən Arif Babayev tək yaşayırdı. Ətrafında gözəl qadınlar kifayət qədər çox olsa da, heç biri Arifin diqqətini cəlb edə bilmir.

Hələ atasının sağlığında Səriyyə xanım tez-tez onu danlayar, nəvə arzuladığını deyərmiş. Amma Arif elə təbiətcə də tənha imiş.

O, çox yumşaq, mədəni insan idi və buna görə də bir çox qadın onu əldə etməyin asan olduğunu düşünür. Bəzən qadınlar özləri ona evlənmək təklifi edir.

Bir dəfə Arif Babayev evlənməyə razı olur. Elçilik günü yolda rejissor saç düzümündən narazı olduğunu deyir, dostlarını qızgilə yola salır və gələcəyinə söz verir. Elçilər əllərində şirniyyat qız evinə gəlir, üzrxahlıq edirlər. Vaxt keçir, Arif isə gəlmək bilmir. Birdən qapı döyülür, Arifin yerinə əlində bir dəstə qızılgül tutan poçtalyon. Gül dəstəsinin üstündə isə xanıma yazdığı qeyd: “Bacarırsansa, bağışla. Mən sənə layiq deyiləm”.

 

Evli qadın və ümidsiz sevgi

Əslində, Arif yalnız bir qadını sevirdi. Özü də elə sevirdi ki, indi belə məhəbbət yalnız filmlərdə olur. Arif o qədəm qoyduğu torpağı öpürdü. Qadın, doğrudan da, sevilməyə layiq idi. Yəhudi əsilli Nina Yarova Bakının ən intellektual, yaradıcı xanımlarından sayılırdı.

Onlar dövlət televiziyasında eyni redaksiyada çalışırdılar. Nina redaktor, Arif isə rejissor kimi. Bu cütlük 50-60-cı illərdə AzTV-nin ən uğurlu tandemlərindən biri idi.

Nina ona çox isti münasibət bəsləyirdi. Bəlkə, o da Arifi dəlicəsinə sevirdi, amma Nina ailəli idi. Arif tez-tez onların evində olurdu, həyat yoldaşı və övladlarıyla münasibətlərini görəndən sonra o, bu ailənin dağılmasını istəmirdi. Arif onu sonsuz və ümidsiz məhəbbətlə sevirdi…

 

Amma bir neçə il sonra Nina boşanır və başqasına ərə gedir. Arif onun ikinci həyat yoldaşına yaxınlaşır və deyir: “Onu qoru. Nina dünyanın ən yaxşı insanıdır…”

“Gün keçdi”dəki Oqtay da rejissorun prototipidir. Oqtayın tənhalığı, evi, Əsmərə münasibətdə göstərdiyi çəkingənlik. Oqtay – Arif Babayevin daxili dünyasının təzahürüdür.

 

Adamayovuşmaz

Həmkarları, birlikdə işlədiyi aktyorlar xatırlayır ki, xarici səfərlər zamanı yadigar qalsın deyə kollektiv şəkil çəkdirəndə Arif ya hamıdan kənarda durar, ya da arxa sıralarda gizlənərdi.

Hər dəfə kinoteatrlarda seanslardan əvvəl çıxış edənlərin siyahısı tutulanda o, təşkilatçılara yaxınlaşar “Mənim adımı siyahıya salma. Danışmağa həvəsim yoxdur” – deyib qaçardı.

Kinoşünas Aydın Kazımzadə xatırlayır ki, “Birisigün gecəyarısı” filminin təqdimatı günü Arif Babayev tamaşaçılar qarşısında çıxış etməli, bir neçə söz deməliydi. Amma rejissor əlini Aydın Kazımzadənin çiyninə qoyur və etiraf edir: “Mən ölüm, inciməyin, hərənin bir cür xasiyyəti var. Məni də anam belə doğub – qaradinməz, adamayovuşmaz. İndiyə qədər nə etmişəmsə, pis-yaxşı göz qabağındadır. Təzədən durub özüm barədə nə danışım ki…”

Qaradinməz olsa da, ən xırda detalları belə nəzərdən qaçırmazdı. İnsanları inandırmaq qabiliyyəti çox güclü idi.

“Uşaqlığın son gecəsi” filmində nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostyumer işləyirdi. İçərişəhərdə yaşayan nənəni kinoya çəkilməyə Arif Babayev razı salır.

 

Filmin sonu

Kinoda sonuncu işi 1981-ci ildə ekranlaşdırdığı “Birisigün gecəyarısı” olur. Son vaxtlar film də çəkmir, maaş da almır. Olan-qalanını da xərcləyib-qurtarır. Siqareti-siqaretə calayıb fikirləşir.

Səhhətindəki problemləri hiss edir, amma xəstəxanalara nifrət edirdi və ora düşməkdən qaçır.

Arif Babayev şəkər xəstəliyindən əziyyət çəkirmiş. Vasif Babayev deyir ki, qətiyyən özünə baxmırdı, yeməyinə fikir vermirdi. Buna görə də belə tez – 54 yaşında orqanizm xəstəliyə boyun əyir.

Qardaşı ilə şəkərdən müalicə olunmaq üçün xəstəxanaya gedəndə məlum olur ki, Arif Babayev vərəmə yoluxub.

Amma “Yaşasın həyat” deyən rejissor sağalacağına ümid edir. Ölümündən bir gün əvvəl də Vasif qardaşının saçını qırxır, hətta Arif ayağa durub oynayır da.

Səhər saat 7-də isə xəstəxanadan məlum zəng gəlir: “Arif Babayev dünyasını dəyişib”. 55 yaşı tamam olmadan…

Təəssüf ki, başdan-ayağa içərişəhərli olan rejissorun adı hələ də əbədiləşdirilməyib. Bakı Arif Babayevə İçərişəhərdəki dar küçələrdən birinin adını da çox görüb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600