“Əvvəldən çıxışımı yarımçıq kəsməyi tapşırmışdılar”
“AXCP-nin tədbirində məni fitə basmağı əvvəlcədən planlaşdırmışdılar. Əvvəldən çıxışımı yarımçıq kəsməyi tapşırmışdılar. Bir daha əmin oldum ki, 1988-ci ildə necə qaragüruh idilərsə, indi də heç nə dəyişməyib”.
Bu sözləri açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu AXCP-nin Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə çıxışının yarımçıq kəsilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, çıxışının yarımçıq kəsilməsinə etiraz olaraq zalı tərk edib və ona yaxınlaşan cəbhəçilərdən biri bunu təşkil olunmuş iş olduğunu söyləyib: “Orada bir qız çölə çıxıb dedi ki, Sərdar bəy, siz bilmirsiniz bu şey təşkil edilmişdi. Dedi ki, fikir vermədiniz, tribunadan işarə verdilər, uşaqlar da qışqırmağa başladılar. Həqiqətən, tədbirdə iştirak edənlərə baxırdım, Leyla Yunus çıxış edəndə qeyri-adi dərəcədə alqışladılar. Vaxtilə mən Leyla Yunusun AXC-dən qovulmasının da şahidi olmuşam, eyni qaydada qışqırırdılar, “Leyla Yunus ermənidir” şüarı səsləndirirdilər, onu danışmağa qoymurdular, fitə basırdılar. Mən də dedim ki, bu hadisələr göstərir ki, bu 20 ildə nəsə dəyişiklik yoxdur. Leylanı qovan adamlar, bu gün onu alqışlayır. Dedim ki, eşidin, qulaq asın bəlkə axırda dedim ki, yaşasın Əli Kərimli? Mən danışmaq üçün söz istəməmişdim. Onların özü xahiş elədi ki, gəl çıxış elə. Baxdım ki, cavanlar yığışıb fürsətdən istifadə edib onlara dövlətçilik şüuru, qürur hissi aşılamaq lazımdır. Boş-boş populist çıxışın nə mənası var? Onlara izah eləmək istəyirdim ki, Azərbaycan tarixi siz düşündüyünüz kimi Məhəmməd Əmin Rəsulzadə, Elçibəydən başlamayıb. Xalqımızın çox qədim kökləri var, biz ona sahib çıxmalıyıq. Bu gün Şah İsmayıl Xətaini əlimizdən almaq istəyirlər, Nadir Şahı heç xatırlamırıq, Qacarı bizə düşmən kimi tanıdıblar, onları tanıyıb sevməliyik. Onların dövlətçilik təcrübəsindən, bütünlükdə Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhrələnməyə çalışmalıyıq. Bu sözün yarısını demişdim, məni fitə basmağa başladılar, ayaqlarını yerə döyüb qışqırdılar. Məndən qabaq Əli Kərimli guya çıxış edib ritorika ilə deyir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası hər bir Azərbaycan vətəndaşının hüquqlarını qorumaq yolunda canından keçməyə hazırdır, AXCP başqa partiyalar kimi qrup maraqlarını yox, ümummilli maraqları qoruyur. Orada hamının gözünün qabağında bu adam mənim söz və fikir azadlığımın kobud şəkildə pozulmasına heç bir reaksiya vermədi. O uşaqları yerində oturtmadı ki, ay balam, bu adam nə deyir ki? Mən deyirəm ki, tarixi dar çərçivəyə salmaq olmaz. Rəsulzadə Azərbaycanda demokratik cümhuriyyətin banisidir, Səttar xan demokratiyanın, Əbülfəz Elçibəy ikinci cümhuriyyətin yaradılmasınınbanisidir. Hər kəsin adını necə var, elə demək lazımdır. Mən orada yadlarına saldım ki, Azərbaycan dilinin dövlət dili elan olunması Elçibəyin yox, 1956-cı ildə böyük məhrumiyyətlərə baxmayaraq İmam Mustafayev və Mirzə İbrahimovun adı ilə bağlıdır. Buna görə də öz vəzifələrindən məhrum olunublar. Hətta Xruşşov işdən çıxmasaydı,onlar həbs olunacaqdılar. Bunlar elə düşünürlər ki, tarix Rəsulzadə olub, oradan da Elçibəyə sıçrayıb. Axı xalqın mədəniyyəti, elmi uğrunda vuruşub, 1937-ci ildə repressiyaya gedənlər olub. Mədəni maarifləndirmə yolunda Ziya Bünyadovun, Bəxtiyar Vahabzadənin camaatda milli ruh qaldırması barədə danışmaq istəyirdim. Ağsaqqal kimi istəyirdim ki, bizim gənclər savadlansınlar. Çünki AXCP-nin tədbirlərində iştirak etmişəm və görmüşəm ki, populist çıxışlarla cavan uşaqlar həyəcanlanır, oradan çıxandan sonra tədbirə nəyə gəldiyini və nə başa düşdüklərinianlamırlar. Ona görə fürsətdən istifadə edib çalışıram ki, belə tədbirlərdə elmi, konseptual, akademik çıxış edim ki, bunların təfəkkürünün sərhədlərini genişləndirim, avtoritar təfəkkürə qarşı meyl yaradam ki, sən liderini sevirsənsə, bu o demək deyil ki, Azərbaycan tarixinə arxa çevirməlisən”. S.Cəlaloğlu qeyd edib ki, AXCP bir tərəfdən xalqın maraqlarını qoruduğunu bəyan edir, digər tərəfdən xalqın tarixindən danışan adamı fitə basır: “Sərdar Cəlaloğlunun danışmaq hüququnu pozurlar, Əli Kərimli əlini alnına qoyub qulaq asır, ona ləzzət edir axı. Əli Kərimli bilsin ki, belə şeylər mənə təsir etməz. Mən səndən xahiş etmədim ki, mənə söz ver. Mənə dəvətnamə göndərib, özün də xahiş edirsən ki, çıxış elə. Mən tədbirə getməsəydim, çıxış eləməsəydim, onda başqa cür düşünəcəkdilər.Mənim yaşım, ağlım, siyasi rolum imkan vermir ki, onların qəlbində tutduqları sözləri tribunada deyim. Çıxam deyəm ki, cəbhəçilər xalq qəhrəmanıdır, Azərbaycanı belə yaradıb. Olmayıb axı, mən bunların şahidiyəm. Kimin Azərbaycanda xidmətinin nədən ibarət olduğunu, kimlərin müxalifətin birliklərinin dağıtdığını, mandat aldığını yaxşı bilirəm. Maska taxıb yalandan danışa bilmərəm. Ona görə də belə tədbirlərdə o mövzulara girməyim deyə çalışıram ki, tarixi mövzulardan danışım. Düzünü desəm, gərək orada qan düşə. Heç tarixdən də danışmağa imkan vermədilər. O yerdə ki mənim sözümü eşitmək istəmirlər, mən niyə onların sözünü eşitmək istəyim ki.Əli Kərimli nəinki arxamca gəldi, heç o qışqıran uşaqlara bir kəlmə demədi ki, ay balam ayıbdır, ağsaqqal adamdır, biz buna söz vermişik axı. Bunlar AXC-nin 25 illiyini keçirirlər, elə təqdim edirlər ki, guya bu, AXCP-nin yubileyidir. Axı AXC-nin AXCP-yə nə aidiyyatı var? AXC-nin adını bu gün 6 partiya daşıyır. Onda durub hamısı desin ki, AXC-nin varisi mənəm?Axı AXC hərəkatını bir partiyanın tarixi kimi təqdim etmək, bütün xalqın əldə etdiyi nailiyyətləri bir nəfərin adına yazmaq yanlışdır. Düzdür, bundan nə xalq, nə də tarix nəsə itirmir. Zalda oturan 50-60 nəfər belə düşünür. Amma bizim də vəzifəmizdir ki, siyasi cəhətdən naşı olan, təcrübəsiz gənclərə həqiqətləri çatdıraq. Bilirəm ki, cəbhədə siyasi iş getmir.Əli Kərimli deyir ki, gənclik heç vaxt keçmişə baxmamalıdır, ancaq gələcək haqqında düşünməlidir. Mən də deyirəm ki, gələcəyə gedilən yolun düz olması üçün keçmişə baxmalıyıq, əks halda səhv və ya düz yolu necə bilə bilərik? Üç cavan uşaq çıxdı çölə mənə dedi ki, Sərdar bəy biz hamının adından üzr istəyirik, sizin nə demək istədiyinizi başa düşdük, cəbhəçiyik sizin yanınıza gəlmək istəyirik, çox adam məsələlərə qulaqlarını tıxayıb baxırıq. Dedim, nə vaxt istəyirsiniz gəlin. O cür gənclər də var, öyrədilmiş, “Əli bəy, Əli bəy” qışqıran gənclər də var. Futboldakı kimi o tədbirdə də dirijoru olan gənclər oturmuşdular.Mənə nə oldu guya? Ay Əli Kərimli, mən sənin qonağınam, orada məni təhqir etsələr, yenə də sən biabır olursan, məndən nə gedir? Qeyd edək ki,AXCP-nin tədbirində gənclər ADP sədri S.Cəlaloğlunun fikirlərinə etiraz olaraq qışqırmağa başlayıblar. Buna görə də ADP sədri zalı tərk etməli olub.