Sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri-2017” layihəsi çərçivəsində “İlin idmançısı” seçilib.
Yenicag.az saytına müsahibə verən dünya çempionu əməkdaşımızın suallarını cavablandırıb.
– Sorğunun nəticələrinə görə, “İlin idmançısı” seçildin. Təəssüratlarını bilmək maraqlı olardı…
– Çox sevinirəm. Neçə illərdir çəkdiyimiz əziyyətin bəhrəsini gördüm. Sorğuda mənə səs verənlərə təşəkkür edirəm. Üçqat dünya çempionu oldum, tarix yazdım. Qazandığım uğura görə, ölkə başçımız başda olmaqla, xeyli insandan təbrikləri qəbul etdim. Mən də öz növbəmdə yeni-yeni uğurlar qazanmaqla onların etimadını doğrultmağa çalışacam.
– Başa çatmaqda olan il ərzində Güləş Federasiyasında ciddi problemlər oldu. Başda sən olmaqla, bir sıra güləşçilər yaranan maliyyə probleminə görə etiraz aksiyası da keçirtdiniz. Artıq o problemlərin həll olunduğunu düşünmək olar?
– Bəli. Bütün məsələlər həll olunub. Artıq hər şey öz qaydasındadır. Hər bir sahədə problemlər var. Problemlərin həllinin nəticəsidir ki, üçüncü dəfə dünya çemponluğunu qazandım.
– Bəs digər güləşçilərimizin uğursuzluğuna səbəb nə idi?
– İdmançının hazırlığından çox şey asılıdır. Düşünürəm ki, növbəti yarışlarda həmin uğursuzluqları unutduracaqlar.
– Artıq bu reallıqdır ki, nazir tutduğu postdan uzaqlaşdırıldıqdan sonra onun rəhbərlik etdiyi federasiyada ciddi maliyyə problemləri yaranır. Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun vergilər naziri vəzifəsindən kənarlaşdırılması sizi narahat etmir?
– Bununla bağlı danışmaq idmançıya düşməz. Sözsüz ki, idmançı daima diqqət və qayğı istəyir. Fazil Məmmədovun yerinə yeni vəzifəyə kim gəlirsə gəlsin, əsas odur ki, bizi daima diqqətdə saxlasın.
Emin Səfərov
www.yenicag.az