Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Fəlakət centlmenləri”nin YENİ “MASA”SI: Niyə bu tərkib və niyə məhz indi?

Reklam: Sinerji Pro

Müxalifət düşərgəsinin “köhnə qvardiyası”na daxil olan “mehriban düşmənlər” yenidən bir masa ətrafına toplaşıblarsa, bu təşəbbüsün ölkə üçün faydalı ola biləcək ideyadan qaynaqlanmadığına şübhə etməyə dəyməz.

Ötən gün Müsavat Partiyasının qərargahında özlərini müxalifətin “avtoritet”ləri nəzərində görən siyasətçilərin – İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Əli İnsanov, Pənah Hüseyn, həmçinin statusları bəlli olmayan Hikmət Hacızadə və Mehman Əliyevin iştirakı ilə “dəyirmi masa” keçirilib. Təbii, bu sırada Əli İnsanovun bütün mənalarda “xaric not” olduğu diqqətdən yayınmır.

Bu kompaniyaya nəzər saldıqda, vaxtilə bir-birilərinə yağdırmadıqları söyüş-təhqir qalmayan siyasətçilərin eyni masa ətrafında necə əyləşə bildikləri sual doğurur. Doğrudan da, insanın ən aşağılayıcı ifadələrlə təhqir etdiyi şəxslə bir araya gəlməsi, onunla guya növbəti dəfə “eyni yol”da irəliləmək imkanlarını axtarmaları çox gülünc görünür.

Digər tərəfdən, həmin görüşə qatılan siyasətçilərin indiki vəziyyətlərinə, reputasiyalarına və təsir imkanlarına baxdıqda, onların reallıqdan nə qədər qopduqlarını görmək çətin deyil.

Bu, məsələnin bir tərəfi. Yəni ictimai nüfuzları minimumdan da aşağı düşmüş bu şəxslərin istər ayrılıqda, istərsə də bir araya gəldiklərində edə biləcəkləri bir işin olmadığı özlərindən başqa hər kəsə məlumdur.

İndi isə gələk, onların qarşılıqlı münasibətlərinə və “kollektiv oyun” aparmaq qabiliyyətlərinə. “Dəyirmi masa”ya toplanan siyasi təqaüdçülərin arasında münasibətləri və vaxtilə bir-birilərinə ünvanladıqları təhqirlərə görə iki nəfər xüsusi seçilir: İsa Qəmbər və Əli İnsanov.

İnsanovun həm nazir, həm də deputat olduğu dönəmdə hər imkanda hədəfə aldığı, hətta parlament kürsüsündən “çaqqal” adlandırmaqdan belə çəkinmədiyi İsa Qəmbərlə hansı ortaqlığı ola bilər?

O cümlədən də, “masa”dakı digərlərini qeyd etmək olar. Əli Kərimli-İsa Qəmbər, Cəmil Həsənli-Pənah Hüseyn… Bu əks-duetlərin sayını artırmaq da mümkündür. Yuxarıda qeyd edildiyi kimi, statusları bəlli olmayan Hikmət Hacızadə ilə Mehman Əliyevin o kompaniyada iştiraklarının məntiqi isə ümumiyyətlə, anlaşılmır.

Sözsüz, bu şəxslər bir-birilərinə qarşı münasibətlərindən asılı olmayaraq, eyni masa ətrafına cəmləşiblərsə, deməli, onları bir araya gəlmək məcburiyyətinə gətirən səbəb “tapılıb”.

Vurğulanan səbəb isə ölkədə son həftələrdə həyata keçirilən ciddi kadr və struktur dəyişiklikləri, bu yeniliklərin müxalifətin radikal cinahını “inqilabi şərait”in yetişdiyinə inandırmasıdır. Milli Şuranın 19 oktyabr avantürasının iflasından sonra hakimiyyətin anonsu verilmiş dəyişiklikləri daha qətiyyətlə davam etdirməsi “dəyirmi masa”ya toplaşanları “taktiki dəyişiklik” məcburiyyətinə gətirib.

19 oktyabr icazəsiz aksiyasına uğursuz cəhddən sonra Qərbin “demokratiya mərkəzləri”nin Bakıya qarşı birtərəfli və ittiham xarakterli operativ bəyanatları unudulmayıb. O bəyanatlar öz məzmununa görə daha əvvəl verilmiş analoji mövqe ifadələrindən seçilmir və əlbəttə ki, Azərbaycana qarşı təzyiq xarakteri daşıyır.

Dünən keçirilmiş “dəyirmi masa” isə Azərbaycana göstərilən xarici təzyiqlərin “daxili təzyiq”lərlə tamamlanması görüntüsünü yaratmaq məqsədi daşıyır. Ən acınacaqlısı budur ki, dünənki “dəyirmi masa”ya toplaşanların hər biri ayrı-ayrılıqda “daxili təzyiq”də əsas pay sahibi olduğunu Qərbə nümayiş etdirməyə çalışır. Başqa sözlə, Qərbə “müxalifətin bir arada olması” görüntüsü verməklə bərabər, “stavka” edilməli olan həlledici “güc”ün məhz özü olduğunu göstərməyə cəhd edir. Hər şey bu qədər sadədir.

Maraqlısı budur ki, ötən gün baş tutan “dəyirmi masa”ya toplaşanların kimliyi və Azərbaycan cəmiyyətinə təsir imkanları Qərbdəki çevrələrə ən azı bizim qədər məlumdur. Soruşacaqsız, “Bəs o halda, Qərb niyə onları belə ciddi-cəhdlə bir araya gətirir?” Yerinə düşən sualdır və cavabı da çox sadədir.

Qərbi Azərbaycanda nə demokratiyanın vəziyyəti, nə xalqın rifah səviyyəsi, nə də ərazi bütövlüyünün bərpası maraqlandırır. Müxalifətdəki “naftalin”li siyasətçiləri bir masa ətrafında əyləşdirməyin tək məqsədi onların vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiq göstərmək və hansısa mühüm məsələlərdə Bakının razılığını almaqdan ibarətdir.

Amma “dəyirmi masa”ya toplaşanlar artıq “dekorativ detal” funksiyasını da yerinə yetirmək imkanında deyillər.

“Fəlakət centlmenləri”ndən təzyiq vasitəsi ola bilməz axı…

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

2236
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM