“Onların təşkilatlanmaq üçün ilk növbədə təhsil sektorunda möhkəmlənmələri təsadüfi deyildi”.
Bu fikirləri Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı keçirilən son əməliyyatı və bu prosesin mümkün davamlılığını dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, gülənçi şəbəkənin Azərbaycanda mövcudluğunu davam etdirməsi mümkün deyil:
“FETÖ əleyhinə keçirilən son əməliyyat barəsində məlumatlıyıq və bu işin əhəmiyyətini hər kəs dərk edir. Bəli, bu əməliyyat nəticəsində həbs olunanlar var və yəqin ki, proses davam edəcək. Ancaq növbəti həbslərin hədəfinin kim olacağını söyləmək imkan xaricindədir.
Geriyə baxsaq görərik ki, FETÖ-nün Azərbaycana ayaq açması və burada möhkəmlənməsi Birinci Qarabağ müharibəsinin ağır dövrünə düşüb. O zaman ölkədə müharibə gedirdi və təhsil, mədəniyyət kimi sahələr diqqətdən kənarda qalmışdı. Bu səbəbdən xeyli gəncimiz öz istedadına baxmayaraq, təhsil almaq imkanında deyildi.
Məhz belə bir vəziyyətdə Azərbaycanda fətullahçılara bağlı məktəblər açılmağa başladı, “Çağ” şirkətinin geniş şəbəkəsi formalaşdı. Əlbəttə, biz o dövrdə bu məktəblərin açılmasının arxasındakı məkrli məqsədləri görə bilməzdik. Hesab edirdik ki, həmin məktəblər qardaş köməyinin təzahürüdür. Onların təşkilatlanmaq üçün ilk növbədə təhsil sektorunda möhkəmlənmələri təsadüfi deyildi.
Baxın, SSRİ dövründə də sovet rəhbərliyi Afrikanın müxtəlif dövlətlərindən gəncləri təhsil üçün gətirirdi, oxutdururdu və daha sonra onları öz ölkələrində hakimiyyətə gətirərək idarə edirdilər. FETÖ-nün açdığı məktəblərin məqsədi də haradasa belə idi.
Ancaq əminəm ki, FETÖ-nün Azərbaycandakı bütün qalıqları təmizlənəcək. Çünki fətullahçıların Azərbaycanda gələcəyi yoxdur və ola bilməz. O baxımdan, dediyim kimi, bu əməliyyatların ardıcıl surətdə davam edəcəyi və gülənçilərin tam ifşa olunacağı gözlənilir”.
A.Zeynalov
www.yenicag.az