“Bu böyük sevginin qarşılığında ilk növbədə Allahıma təşəkkürümü bildirirəm”.
Bu sözləri sevilən aktrisa, Xalq artisti Firəngiz Mütəllimova doğum günü ilə bağlı təəssüratlarını paylaşarkən Yenicag.az-a açıqlamasında deyib.
“Səhərdən telefonlarım susmur, hamı təbrik edir. Hər kəsə təşəkkürümü bildirirəm, demək ki, illərim boş-boşuna hədər getməyib. Bu qədər sevgi ilə əhatələnmək mənim üçün ən böyük xoşbəxtlikdir. İllər keçsə də hələ də məni canlandırdığım obrazların adı ilə çağırırlar. Aktrisa üçün bundan böyük xoşbəxtlik ola bilərmi?”
Aktrisa “Arzuladığınız, hələ oynamadığınız bir obraz varmı” sualını da cavablandırıb:
“Ürəyimdən keçən bütün rolları oynamışam. Azərbaycan xanımı obrazını oynamaq istəyirəm. İnşəallah nə vaxt qismət olar, oynayaram. Şuşanın, Qarabağın alınması ilə ən böyük arzularımdan biri həyata keçdi. Qalan arzularım da sülh, əmin-amanlıqla bağlıdır. Ölkəmiz əmin-amanlıq içində olsun.
Küçəyə çıxanda böyükdən-kiçiyə insanların üzümə baxan təbəssüm dolu çöhrələrini görəndə deyirəm, İlahi, Sənə təşəkkür edirəm. Bu sevgini əzab-əziyyətli yol keçərək, pillə-pillə, zamanla qazanmışam. Hamısına minnətdaram”.
Cəvahir
www.yenicag.az