17 gün əvvəl itkin düşən 3 alpinistin öldü-qaldısını hələ də dəqiqləşdirə bilməyən nazirlik doğrudanmı, fövqəladə hallar üçündür?
Ötən il dekabrın 23-də Tufandağda yoxa çıxan 3 alpinistin – Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin taleyindən indiyə kimi bir xəbər yoxdur.
Hadisədən 17 gün keçib… Ancaq bu müddət ərzində alpinistlərin izinə düşmək mümkün olmayıb.
Təqribən 4 min metr yüksəklik, adamyıxan çovğun, dondurucu şaxta… Tufandağın qısa özəlliyi budur.
Belə bir şəraitdə alpinistlərin sağ qalması möcüzəyə bərabərdir. Yenə də nikbinliyimizi itirməyib, o möcüzəyə inanaq.
Sözsüz, alpinistlərin Tufandağda itkin düşmələri medianın, sosial şəbəkələrin gündəm sıralamasında üst yerdədir. Hər gün bu barədə məlumatlar yayımlanır.
Məlumat deyəndə Fövqəladə Hallar Nazirliyinin (FHN) nəticəsiz axtarış haqqında gündəlik xülasəsi nəzərdə tutulur.
Çünki alpinistlərə əli çatmayan media FHN-nin hər gün təkrarlanan, yalnız tarixi dəyişdirilən eynimətnli mənasız bülletenlərini tirajlamaq məcburiyyətindədir.
Nazirlik itkin düşənlərin axtarışına peşəkar xilasedicilərlə yanaşı, təcrübəli alpinistləri və yerli bələdçiləri də cəlb edib. Lakin bunun da nə faydası, nə də nəticəsi var…
Təbii şəraiti nəzərə alaraq, Tufandağda axtarış aparılmasının obyektiv çətinliklərini başa düşürük. Lakin 17 gün keçib! 17 günə Everestə normal ekspedisiya göndərib-qarşılamaq olardı!
Ancaq unutmuruq ki, alpinistlərin axtarışı ilə Azərbaycan FHN-i məşğuldur. Yarımçıq binanın uçqunlarını təmizləməyə belə həftələrlə vaxt itirən bir qurumdan danışırıq.
Təyyarədən yanan ormana su çiləməyə, daşan çayın qarşısını qum torbaları ilə almağa nə var ki… İş fövqəladə hallarda maksimum operativlik və peşəkarlıq göstərməkdir.
Operativlik demişkən, alpinistlər dekabrın 23-də itkin düşsə də, FHN onların axtarışına dekabrın 27-də başlayıb. Çox tez olmadımı, cənablar?
Söz düşəndə, “fövqəlnazirliyin” ən müasir xilasedici qurğu-avadanlıqlarla təchiz edilməsindən danışırlar.
Yəni bu qurumda alpinistlərin yerini müəyyənləşdirməyə imkan verən adi radioelektron vasitələr yoxdur?
Yaxud axtarışların nəticə verməsi üçün Azərbaycana məxsus iki süni peykin imkanlarından yararlanmaq mümkün deyil?
Ola bilər, bu məsələlərin də obyektiv tərəfləri var. Amma nədənsə, FHN-dən bunu əsaslandıran normal izahat eşitməmişik.
Bu nazirliyin adı “Fövqəladə Hallar” olsa da, qurum zəruri şəraitdə “fövqəladə halsızlıq” sərgiləyir…
Bu “fövqəladə halsızlığın” başqa əlamətləri də var. Aldığımız məlumatlara görə, dağa göndərilən axtarış-xilasetmə qrupunun üzvləri hava şəraitinə uyğun olan geyim və ərzaqla da normal qaydada təmin edilməyiblər. Bütün günü ac-susuz dolaşan xilasedicilər halsız halda düşərgəyə qayıdaraq, axtarışı davam etdirməkdən boyun qaçırıblar.
Elə yeri gəlmişkən qeyd edək ki, dünən özünü dənizə atan gəncin meyiti hələ də tapılmayıb. Deyəsən, “Fövqəladə halların” özünün “Fövqəlqüvvəyə” ehtiyacı var. Demək, sonda ümid yenə Allahadır…
A. Zeynalov
www.yenicag.az