Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 78 ünvanında “Hidayət-H” MTK tərəfindən tikilmiş, “Xətai 17” MMC-yə məxsus çoxmərtəbəli binanın lifti qırılaraq şaxtaya düşüb.
Bu barədə Yenicag.az-a bina sakinləri məlumat verib.
Sakinlər bildirib ki, hadisə dünən saat 10:30 radələrində baş verib, xoşbəxtlikdən liftdə heç kim olmayıb.
Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib və hündürmərtəbəli binanın 3 blokundakı liftlərin hamısı qəzalı vəziyyətdə olduğu üçün möhürlənib.
Araşdırma zamanı məlum olub ki, bina problemlidir. Sakinlərlə MTK rəhbəri Venera Rüstəmova arasında konflikt var. Bunun səbəbi isə odur ki, bina 8 ildən çoxdur təhvil verilsə də, mənzil sahibləri mülkiyyət haqqında sənəd ala bilmirlər. Sözügedən bina ilə bağlı zamanında da çox sayda şikayətlər olub, iş məhkəməyə qədər gedib çıxıb. Hətta bir mənzilin bir neçə nəfərə satılması faktı da yaşanıb.
Bina sakinləri dəfələrlə aidiyyəti qurumlara şikayət ediblər. Sakinlərin sözlərinə görə, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətə gedəcəklər.
Maraqlıdır ki, Venera Rüstəmova hər problemdə binaya gəlib sakinləri polislə hədələdiyi halda, hadisədən xəbərdar olsa da, əraziyə baş çəkməyib.
Bina sakinləri 17 mərtəbəni qalxıb-düşməli olacaqlar. Xəstələri, yaşlıları, uşaqları və təcili-tibbi yardımı nəzərə alsaq, vəziyyətin necə acınacaqlı olacağı aydın olur.
Səxavət Məmməd
www.yenicag.az