!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fövqəlgüclərin dizini yerə gətirən GÖZƏGÖRÜNMƏZ DÜŞMƏN – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Fikrimcə, bəşəriyyət ötən əsrdə baş vermiş iki dünya müharibəsində də bu qədər qorxu və təlaş içərisində olmayıb. Düşmən bəlli, səflər məlum, şanslar da ortada – bu meydan, bu da şeytan…

Amma indi – texnoloji inkişafın hər saniyə inkişaf etdiyi şəraitdə vəziyyət fərqlidir. Koronavirus adlandırılan gözəgörünməz düşmən başı kötüyə qoyulmuş dünyanın boynuna hər an enə biləcək lənət qılıncına çevrilib. İnsanlıq təhdid altındadır, ürəkləri xof bürüyüb, hər kəs bu bəlanın necə sovuşacağını düşünür.

Koronavirusun Çin hüdudlarını aşaraq, digər qitələrə yayılmasından sonra dünya ölkələri bu mərətin qarşısını kəsməyin yollarını axtarır, sivilizasiyanın bu mərhələsində artıq unudulmuş kimi görünən məhdudlaşdırıcı addımlar atırlar. Bir-iki ay əvvəl kimə desəydin ki, Fransada küçəyə çıxdığına görə kimisə həbs ediblər, adama dəli kimi baxardılar.

Belə bir təhdidlə baş-başa qalmış Azərbaycan da dəhşətli virusun lokallaşdırılması üçün bəzilərinin nəzərində gec də olsa, gərəkən tədbirləri almaqdadır. Əksəriyyət hesab edir ki, dövlət səviyyəsində alınan o tədbirlər özlüyündə zəruri və ümidvericidir. Yəni dövlət ondan asılı olanları edir.

Bəs Azərbaycan cəmiyyətinin davranışı dövlətin qərarlarına nə qədər adekvatdır? Bu suala təsdiqedici cavab verməyi çox istəyərdim, çox… Kaş ki buna imkan olaydı…

Dünən səhər saatlarında millət vəkili Aqil Abbasla telefon söhbətimiz oldu. Aqil bəy yana-yana deyirdi ki, bir çox insanlar “Əşi, o virus mənə heç nə etməz düşüncəsindədir, sanki Allahla müqaviləsi var”. Bunu görmək üçün millət vəkilləri ilə danışmağa ehtiyac yoxdur. Öz çevrəmizə baxdıqda, insan səhlənkarlığının hansı səviyyədə olduğunu görmək çətin deyil.

Koronavirus mərətinin ciddiliyini anlamayanlar, yaxud da anlamaq istəməyənlər arasında bu sətirləri oxuyanlardan da kimlərsə var, qohumumuz, qonşumuz, dostumuz, tanışımız da… Qısacası, dövlətin məhdudlaşdırıcı qaydaları sərtləşdirməsinin əsas səbəbi də məhz vətəndaşların bu səhlənkarlığıdır. Dövlət haqsızdırmı? Əlbəttə, haqlıdır, özünün və başqalarının canını heçə sayan vecsizlərə bu da azdır.
Bu, məsələnin bir tərəfidir. Yəni koronavirus əleyhinə alınan tədbirlər tam əsaslıdır. Amma o qərarların icrasına nəzarətin təşkili barəsində də fikirləşmək lazımdır. Bu işə görə tək polisləri məsul tutmaqla, gözlənilən nəticəyə varmaq çətindir. Axı hər səhlənkar vətəndaşa bir polis ayırmaq imkan xaricindədir. Sual yaranır, dövlətin Daxili Qoşunları bu tədbirlərin icrasına nəzarətə niyə cəlb olunmasın? Türkiyənin və başqa dövlətlərin təcrübəsi göstərir ki, məhdudlaşdırıcı qaydaların qorunması üçün məhz Daxili Qoşunlardan istifadə olunur.

Hamımız az qala xorla başqalarına “Evdə qal” çağırışı edirik. Amma ölkədə hər səhər günəmuzd iş tapmaq ümidi ilə evdən çıxan nə qədər insan var. O adamlar bir gün işləməsələr, özləri də, varsa, ailələri də ac qalacaqlar. Həmin vətəndaşların çoxu işləmək üçün rayonlardan Bakıya gəlmiş vətəndaşlardır. Təbii, Bakıya daimi qeydiyyatları yoxdur, dövlətin yardım proqramı işə düşərsə, ondan faydalana bilməyəcəklər. Yaxşı, o həmvətənlərimiz taleyin ümidinəmi buraxılmalıdır?

65 yaşdan yuxarı insanların küçəyə çıxmalarına qadağa qoyulub. Başa düşürük, zərurətdir, yaşlıların yoluxma riski daha yüksəkdir. Bəs həmin ixtiyarlar arasında tək-tənha yaşayanların ehtiyacları necə ödənəcək? Bu işlər necə tənzimlənəcək? Analoji qərarın verildiyi Türkiyədə polislər qapı-qapı düşür, onlara xidmət göstərirlər. Ərzaq nədir, hətta rakı istəyənlərin bu arzusunu da geri çevirmirlər. Bəs biz? Cavab yoxdur.

3-4 gündən sonra dərd kimi gəlmiş mart ayı başa çatır. Bu, həm də o deməkdir ki, kirayə və icarə pullarının vaxtıdır, xidmət və iaşə obyektlərində maaş və vergilərin ödənməsi lazımdır. Necə? İş dayanıbsa, kirayəşinlər, icarədarlar, vergi ödəyiciləri o pulu haradan tapacaqlar? Lap ödənişlərin ertələnməsinə qərar verilsə belə, üst-üstə toplanan borcların geri qaytarılması yenə çox başları dərdə salacaq.

Kimsə çıxıb deyə bilər ki, dövləti bu qədər yükləmək olmaz. Niyə? Bu gün vətəndaşın dövlətdən başqa söykənəcəyi, istinad edəcəyi ünvan varmı? Koronavirus dalğasında müxtəlif ölkələrin vətəndaşları və özəl sektoru qorumaq istiqamətində atdıqları addımlar müsbət təcrübədir. ABŞ bu məqsədlə 2 trilyon (!) dollar ayırıb. Almaniyada bu məbləğ 600 milyard avro, Fransada isə 300 milyard avrodur. Hər halda, Azərbaycan dövlətinin maliyyə imkanları öz vətəndaşlarını himayə etmək üçün yetərlidir.

Bakının indiki sükutuna baxıram… Yayda şənbə axşamları gecə saat 12-dən sonra evdən çıxıb, gün doğana qədər şəhəri gəzirdim. Gün çıxanda, evə gəlib yatırdım. Hər gecə gəzintisində öz-özümə deyirdim ki, baho, şəhər insanlarsız daha maraqlıdır. İndi marketə girəndə, eyvana çıxanda, adamı sükutun vahiməsi basır.

Artıq fikrim də dəyişib. Əminəm ki, şəhər insanlarla gözəl imiş. Biz vətəndaş olaraq qaydalara riayət edək, dövlət də öz işini görsün. Beləliklə, gözəgörünməz düşməni birlikdə, birgəliyimizlə yenək. Şəhər yenə qaynasın, gecələr yenə gəzintiyə çıxım… “Şəhər insanlarsız daha gözəldir” fikrini başımda təkrar-təkrar götür-qoy edim.

Hamımızın gözlədiyi o günləri birlikdə yaxınlaşdırmaq üçün məsuliyyətli olmağımız yetər…

İnanın, heç nə düşünüldüyü qədər qəliz deyil…

Səxavət Məmməd

COP29

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv