Fransa ilə İsrail arasında casusluq qalmaqalı: Münasibətlər gərginləşir
Fransa və İsrail arasında casusluq savaşı şiddətlənib. Fransa kəşfiyyatının Suriyadakı şəbəkəsi ifşa olunub, “Mossad”ın isə Fransa xarici kəşfiyyatı olan DGSE-yə sızmağa çalışdığı üzə çıxıb.
Yenicag.az xəbər verir ki, “Mossad”ın keçmiş rəhbərləri İsrail hökumətinə qarşı sərt məktub yayaraq Baş nazir Benyqmin Netanyahuya “Artıq yanında deyilik” mesajı veriblər.
Fransız jurnalist Aleks Jordanovun “DGSI-nin Kölgə Müharibələri” adlı kitabı böyük rezonans doğurub. Kitabda Fransa daxili kəşfiyyatı DGSI-nin qanunsuz üsullarla keçirdiyi əməliyyatlar ifşa edilib. Jordanov daha sonra həbs olunaraq məhkəməyə çıxarılıb.
Ardınca “Le Monde” qəzetindən Jak Folorunun Suriya ilə bağlı DGSE və “Mossad”ın uğursuz əməliyyatını işıqlandırması ilə yeni qalmaqal başlayıb. Hər iki jurnalist dövlət sirrini yaymaqda ittiham olunur.
İddiaya görə, Suriya əsilli alim həm “Mossad”, həm də DGSI ilə işləyib. Məlumatların yalnız DGSI-yə ötürülməsi nəticəsində həmin alim 2019-cu ildə “Ratafia əməliyyatı” çərçivəsində öldürülüb.
Hadisə Fransa ilə İsrail kəşfiyyatları arasında ciddi gərginlik yaradıb. “Mossad”ın təkcə Suriya deyil, Fransa daxilində də casusluq fəaliyyəti apardığı bildirilir.
Digər tərəfdən, 250-dən çox keçmiş “Mossad” əməkdaşı Netanyahu hökumətini sərt tənqid edən məktub imzalayıb. İmzalayanlar arasında “Mossad”ın sabiq rəhbərləri də var. Məktubda Qəzza və İordan çayının qərb sahilindəki əməliyyatlarla girovların həyatı riskə atıldığı vurğulanır.