Fransada meşə yanğınları TÜĞYAN EDİR
Fransanın cənubundakı Aude bölgəsində baş verən genişmiqyaslı meşə yanğını 2 min hektardan çox ərazini əhatə edib.
Yenicag.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, güclü külək və yüksək temperatur səbəbindən alovun söndürülməsi çətinləşib.
Fransa Daxili İşlər Naziri Bruno Retayo sosial media hesabında verdiyi açıqlamada bildirib ki, Narbon şəhərindən Bages istiqamətində yayılan yanğın nəticəsində bir uşaq yüngül xəsarət alıb. Nazir həmçinin qeyd edib ki, yanğın beş yaşayış evinə ziyan vurub.
Hazırda hadisə yerində 850 yanğınsöndürən və 11 xüsusi təyyarə alovla mübarizə aparır. Həm yerli, həm də milli miqyaslı fövqəladə xidmətlər səfərbər olunub.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, Aralıq dənizi sahilləri boyunca “çox yüksək yanğın təhlükəsi” mövcuddur. Çərşənbə günü küləklərin zəifləməsi ilə vəziyyətin qismən yüngülləşəcəyi gözlənilsə də, ümumi təhlükə səviyyəsi yüksək olaraq qalacaq.
Qeyd edək ki, Fransada yay aylarında quraqlıq və güclü küləklər fonunda meşə yanğınları mütəmadi hal alır. Hakimiyyət orqanları vətəndaşları diqqətli olmağa və ərazidəki təxliyyə və təhlükəsizlik xəbərdarlıqlarına riayət etməyə çağırır.