Futbolumuzu TALAN EDƏNLƏR – AFFA millini Şimali Koreya səviyyəsinə NECƏ GƏTİRDİ?
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan millisi üç pillə geriləyərək 122-ci yerə enib. Bu nəticə ilə yığmamız hətta Şimali Koreyadan belə geridə qalıb.
Yenicag.az-a danışan tanınmış idman jurnalisti Natiq Muxtarlı Azərbaycan futbolunun bu acınacaqlı vəziyyətində əsas məsuliyyətin AFFA-da olduğunu bildirib.
Onun fikrincə, millinin FIFA reytinqində geriləməsinin səbəbi nə taktiki, nə də struktur problemlərlə bağlıdır:
“Əsas səbəb çox sadədir: Azərbaycan yığması qələbə qazana bilmir. FIFA reytinqi millilərin qazandığı qələbələr əsasında formalaşır. Yüksək reytinqli komandaya qarşı qazanılan hər xal daha çox dəyər kəsb edir. Amma problem ondadır ki, Azərbaycan heç zəif komandaları belə məğlub edə bilmir.”
Jurnalist onu da söyləyib ki, bu nəticələrin fonunda AFFA-nın fəaliyyətinə göz yummaq mümkün deyil:
“Təəccüblü olan odur ki, AFFA-da oturan bəzi “istedadlı dələduzlar” hələ də öz bildiklərini edirlər. İllərdir dövlətin ayırdığı vəsait futbolun inkişafına yox, şəxsi ciblərə yönəldilib. Bu korrupsiya və məsuliyyətsizlik davam edir. Milli komandanın uğur qazanmaq şansı sıfıra bərabərdir – bu, aksiomdur və sübuta ehtiyac yoxdur”.
N. Muxtarlı AFFA-nın uğursuz siyasətini sərt şəkildə tənqid edərək əlavə edib:
“Onlar düşünür ki, adlı-sanlı bir mütəxəssisə milyonlar ödəməklə yığmadan nəticə ala bilərlər. Amma bu, ciddi yanlışlıqdır. Diletant və səbatsız kadrların idarə etdiyi futbol təsərrüfatından uğur gözləmək real deyil. Azərbaycan ictimaiyyəti artıq milli komandadan uğur gözləməyi unudub, reallıqla barışmalıdır”.
Mütəxəssisə görə, AFFA-nın bu tərkibi dəyişmədikcə, vəziyyət daha da ağırlaşacaq:
“Əgər işə ciddi şəkildə başlanılmasa, hər itirilən il bizi dünya futbolundan 5 il geri salacaq. Hazırkı rəhbərliyin isə ya niyyəti yoxdur, ya da sadəcə bacarmırlar. Onlar daha 10 il bu sahəyə nəzarət etsələr, deməli, Azərbaycan futbolu ən azı 50 il beynəlxalq uğurlardan uzaq qalacaq”.
Göycə Göycəyev