Ötən gün İtaliya millisinin və “Fiorentina”nın futbolçusu Davide Astori gözlərini əbədi olaraq yumub.
Yenicag.az xəbər verir ki, “Udineze” səfərinə yollanmalı olan komandanın kapitanı qaldıqları oteldə yuxuda ikən dünyasını dəyişib.
İnfarktdan dünyasını dəyişən 31 yaşlı müdafiəçinin ölümünə görə A seriyanın oyunları da təxirə salınıb. O, iki həftə əvvəl ata olmuşdu…
Astorinin vəfatı gənc yaşda dünyasını dəyişən futbolçuları yada salır.
2012-ci ildə Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu Ediz Bahtiyaroğlu da infarktdan dünyasını dəyişib. Məşqdən çıxdıqdan sonra evinə yollanan futbolçu erkən ölümü ilə sevənlərini şoka salmışdı. Maraqlıdır ki, bundan əvvəl Edizin ailəsində 4 nəfər infarkt diaqnozu ilə vəfat edib.
Türkiyənin digər klubu “Qaziantepspor” klubunun futbolçusu Frank Rajtoral da ötən il canına qəsd edib. İntiharın səbəbi isə çexiyalı oyunçunun depressiyaya düşməsi idi.
Almaniyanın “Volfsburq” klubunun futbolçusu Junior Malanda da 20 yaşında ikən avtomobil qəzasında dünyasını dəyişib. O, gələcəyin ulduzlarından hesab olunurdu.
İspaniya “Sevilya”sının üzvü Antonio Puerta isə həyatla yaşıl meydançada vidalaşıb. “Xetafe” ilə oyunda huşunu itirən müdafiəçi 48 saat xəstəxanada qalsa da, bir daha gözlərini açmayıb.
2003-cü ildə “Barselona”dan icarə əsasında “Fənərbaxça”ya keçən, qısa müddətdən sonra klubuna geri qayıdan Robert Enke isə 2009-cü ildə “Hannover”də çıxışı zamanı qatarın altında qaldı. Alman polisi Enkenin intihar etdiyini bildirmişdi. Deyilənə görə, futbolçunun 2 yaşlı qızının ölümü (2006-cı il) onu çox sarsıtmışdı.
Buxarest “Dinamo”sunun 26 yaşlı futbolçusu Patrik Ekenq isə 2016-cı ildə “Vitroul”la matçda huşunu itirdikdən sonra xəstəxanaya aparılmış, orda da həyatla vidalaşmışdı.
2013-cü ildə Portuqaliyanın 3-cü liqasında çıxış edən “Tourizense”nin 20 yaşlı futbolçusu Karlos Alexandre Kaseiro oyunun 7-ci dəqiqəsində ürəyindəki problemlərə görə ölüb.
“Elazığspor”un futbolçusu Gökmen Yıldıran da 2006-cı ildə məşq zamanı infarktdan dünyasını dəyişib.
Macarıstan futbolunun yetişdirdiyi ən böyük istedadlar arasında göstərilən Miklos Feher isə 2004-cü ildə “Benifika”da çıxış edərkən haqqın dərgahına qovuşub. O, “Gimayreş”lə oyun zamanı aldığı sarı vərəqədən sonra başını aşağı əyib, ardınca isə yerə yıxılıb. Qarşılaşmadan sonra xəstəxanaya çatdırılan futbolçu gözlərini əbədi olaraq yumub.
Ötən il dünyasını dəyişən futbolçular arasında Çinin “Beytszin” klubunun və Kot-d’İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote də var. 30 yaşlı oyunçunun halı məşq zamanı qəflətən pisləşib, bir neçə saatdan sonra isə xəstəxanada keçinib.
Futbol azarkeşlərini üzən sarsıdıcı ölüm xəbərlərindən biri də Mark Vivien Foenin ölümü olub. 2003-cü ildə Kolumbiya ilə oyunda yerə yıxılan Kamerun millisinin 28 yaşlı üzvü xəstəxanaya çatdırılsa da, gözlərini bir daha açmayıb. Ölüm səbəbi isə ciyərlərinə havanın getməməsi olub.
Kolumbiyalı Andres Eskobarın ölümünə isə ABŞ millisinə 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmada öz qapısına vurduğu qol səbəb olmuşdu. O, çempionatdan sonra ölkəsində silahlı hücuma məruz qalıb öldürülmüşdü. İddialara görə, Kolumbiya mafiyası sözügedən qarşılaşmaya yatırdığı yüksək miqdarda pulu uduzduğu üçün Eskobardan qisas alıb.
Həyatla gənc yaşda vidalaşan futbolçular arasında Azərbaycanda top qovanlar da olub. Belə ki, “Neftçi”dən ayrılan Jonas Pessali 2017-ci ildə avtomobil qəzasında dünyasını dəyişib. Bakı klubundan ayrıldıqdan sonra “Parana”ya keçən 26 yaşlı hücumçu Koritibada idarə etdiyi “Audi” markalı avtomobiliylə işıq dirəyinə çırpılmışdı.
Sözsüz ki, futbol aləmini sarsıdan ən dəhşətli qəzalardan biri də Braziliyanın “Şapekoense” klubunun təyyarəsinin Kolumbiyada qəzaya uğraması idi. Təyyarənin göyərtəsində olan 81 nəfərdən yalnız 6-sı sağ qalmışdı. Ölənlər arasında vaxtı ilə Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular da vardı. Bunlar Filip Joze Maçado və Villiam Tieqo de Xesusdur.
Maçado 2010/2011 mövsümündə Bakı “İnter”inin (indiki “Keşlə) formasını geyinib. 30 yaşlı müdafiəçi Villiam Tieqo de Xesus isə “Xəzər Lənkəran”da çıxış edib.
Futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış edən “Zaqatala”nın legioneri Maykl Umanyika isə məşq zamanı dünyasını dəyişmişdi. İlkin versiyaya əsasən, futbolçunun ölümünə səbəb ürəyindəki trombun qırılması olub.
Emin Səfərov
www.yenicag.az