Avropa Azərbaycanlılar Konqresinin (AAK) I vitse-prezidenti Füzuli Məmmədov (Frenk Elkaponi) vəzifəsindən kənarlaşdırıldı.
Yenicag.az-a AAK-dan daxil ola məlumata əsasən, bu barədə qərar İdarə Heyətinin dünən keçirilmiş iclasında qəbul edilib.
Qərarda Füzuli Məmmədovun AAK-dan uzaqlaşdırılmasının əsas səbəbi kimi onun pozuculuq fəaliyyəti və Nizamnamənin tələblərini pozması göstərilib:
“Məmmədov Füzuli 1 mart 2017-ci ildən bəri Avropa Azərbaycanlılar Konqresinin I Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Həmin vaxtdan Füzuli Məmmədov üzərinə düşən vəzifəni yerinə yetirməməklə yanaşı AAK Nizamnaməsinə zidd fəaliyyət göstərib, Konqresin heç bir fəaliyyətində yaxından iştirak etməyib, AAK İdarə Heyətinin toplantılarına biganə yanaşaraq, iştirak etməkdən imtina edib, AAK Konqresinin müxtəlif ölkələrdə keçirilən görüşlərinə qatılmayıb”.
Qərarda daha sonra Füzuli Məmmədovun qatılmaqdan imtina etdiyi AAK tədbirləri sadalanıb və onun İdarə Heyəti üzvlərinin Barselonada keçirdiyi görüşlər barəsində KİV-ə böhtan xarakterli açıqlamalar verdiyi qeyd olunub.
AAK İdarə Heyəti Füzuli Məmmədovun bu və Nizamnaməyə zidd digər davranışlarını əsas götürərək, onun AAK İdarə Heyəti üzvlüyündən və I Vitse-prezident vəzifəsindən azad olunması haqqında qərar qəbul edib. Məmmədovun barəsində qəbul edilmiş bu qərarı İdarə Heyətinin 10 üzvündən 9-u dəstəkləyib, 1 nəfər isə bitərəf qalıb.
www.yenicag.az