Gediş haqqının artırılması GÜNDƏMDƏ: “Bəzən xarici ölkələri misal gətirirlər ki...”
“Dövlət bu məsələyə müdaxilə etməlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli bildirib.
Mütəxəssis son günlər mediada ictimai nəqliyyat qiymətlərinin artacağı ilə bağlı dolaşan söz-söhbətləri şərh edib.
O, ekspert hesab edir ki, daşıyıcı şirkətlər öz xərclərini təmin edə bilmir:
“Daşıyıcı şirkətlərin özləri də olduqca problemli vəziyyətdədir. Qiymətlər olduqca bahadır. Nəqliyyat vasitələrinin saxlanılması, avtobusların, avtobus parklarının yenilənməsi, detalların qiyməti, servis xərcləri bahadır. Avtobusun alınması neçə yüz min manata başa gəlir. Tələblər sırasında təkliflər də artdıqca, xidmətin keyfiyyətinin də yaxşılaşdırılması da önəmli məsələdir. Onlar düşünür ki, gedişatı qiymətini artırmaqla özlərinin əlavə xərclərini qarşılaya bilərlər, eyni zamanda həm özlərinin, həm işçilərinin maliyyə imkanlarının sabitliyini qoruyub saxlaya bilsinlər, həm də pul qazansınlar. Çox çətin dilemma qarşısında qalıblar özləri də. Həm qiymətlər artır, həm də cari gediş haqqı kifayət qədər deyil”.
“Problem ondadır ki, Azərbaycan vətəndaşlarının sosial, maddi imkanları yaxşı deyil. Bəzən xarici ölkələri misal gətirirlər ki, məsələn, Belçikada metronun gediş haqqı 2 avrodur, 2 avro bizim pulla 4 manat edir, amma Belçikadakı fəhlə, müəllimlər 10-20 min avrodan aşağı maaş almırlar. Ölkəmizdə isə vəziyyət elə deyil”, – deyə o, əlavə edib.
Ekspert hesab edir ki, qiymətlərin qaldırılmasında Tarif Şurasının rolu həlledici deyil:
“Ya qiyməti qaldırmamalıyıq, ya da özəl şirkətlər öz xərclərini təmin edə bilmirsə, dövlət şirkətləri bunu yerinə yetirməlidir. Yoxsa belə hər kvartalda qiymət artırmaq çarə deyil. Bunu isə Tarif Şurası ilə əlaqələndirmək doğru deyil, çünki Tarif Şurasına bu müraciətlər daşıyıcı şirkətlər tərəfindən edilir. Ona görə də düşünürəm ki, dövlətin bu məsələyə müdaxilə etməsinə ehtiyac var”.
Nurlan Cəfəri