Növbəti həftədən “Sahil” metro stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq.
Yenicag.Az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O bildirib ki, bu həftə ərzində sərnişinlər “Sahil” metrosundan istifadə edə biləcəklər. Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. “Sahil” metro stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış 3 eskalator sökülərək, yerində 4 eskalator quraşdırılacaq.
N. Paşayevin sözlərinə görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək. Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, “Sahil” metro stansiyasının bağlanması zərurəti yaranıb.
“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, “Sahil” stansiyası avqustun 21-i sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun “Sahil” stansiyasına yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur”, – deyə N.Paşayev vurğulayıb.
Qeyd edək ki, “Sahil” metrosunda aparılan təmir işləri ilə əlaqədar olaraq “28 May” və “İçərişəhər” stansiyasında gücləndirilmiş iş rejiminə keçiləcək.