“Sənətdə qadağalar mənə görə deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrsia Vəfa Zülfüqar deyib.
Vaxtilə çəkilən ilk yerli seriallarda baş rollarda oynayan aktrisa son illər seriallarda görünməməsinin səbəblərini açıqlayıb:
“Sonuncu işim keçən ilin sentyabrında “Sevgi” serialında oldu. Belə bir söz var, gözdən iraq olan, könüldən də uzaq olur. İşin qızğın vaxtında çıxıb getdim Türkiyəyə. Hürrəm Sultan barədə bir söz var e, “Hürrəm tükənmişlik sindromuna girdi”. Mən də elə oldum deyəsən. Tükənmişlik sindromuna girdim və çıxıb getdim Türkiyəyə. Qayıdandan sonra da heç bir işin üstünə düşmədim. İndi-indi ağlım başıma gəlir. Yavaş-yavaş işimi irəlilətməyə başlayıram. Belə deyim də var, dənizdən nə çıxarsa, bəxtimə hesabdır”.
Daha çox mənfi rollara üstünlük verən aktrisa “sənətdə özünüzə qoyduğunuz baryerlər, qadağalar varmı” sualını da cavablandırıb:
“Müsbət obrazı oynamaq çox asandır. Əsas odur, mənfi obrazınla tamaşaçı nifrəti qazana biləsən. Bu mənada, mənfi obrazları çox sevirəm. Həm də mənfi obraz belədir ki, aktyorun, aktrisanın içindəki potensialı üzə çıxarır, nəyə qadir olduğunu göstərir. Qadağalara gəlincə, aktyorun, aktrisanın baryeri, qadağası olmamalıdır. Bu sənəti seçmisənsə, bu peşənin nədən ibarət olduğunu da bilirsən. Qadağalar mənə görə deyil. Əsas odur, sənə həvalə olunan obrazı mükəmməl şəkildə, peşəkarlıqla təqdim etməyi, tamaşaçıya sevdirməyi bacarasan”.
Cəvahir
www.yenicag.az