Generalları zindana atdıran Putinin “publika üçün” OYUNU: “Düşmənlərinə mesaj verir” – İlham İsmayıl

“Putinin komandasında olan bəzi fiqurlar ABŞ-ın qarşısında bəraət qazanmaq istəyirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin daxili işlər nazirinin müavini Aleksandr Romanovu vəzifədən çıxarmasına və ondan əvvəl iki generalı həbs etdirməsinə münasibət bildirən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.

İlham İsmayıl bildirib ki, Rusiya prezidenti generalları həbs etdirməklə, korrupsiyaya qarşı mübarizə görüntüsü yaradır:

“Polisin, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının idarəetmədə rolu çox böyükdür. Hakimiyyətə qarşı çıxış edənlərlə polis çox sərt davranır.

Rusiya vətəndaşlarında buna görə çox böyük narazılıq var. Koronavirusun yaratdığı əlavə problemlər isə iqtisadi vəziyyəti xeyli gərginləşdirib.

“Vicdan istiasmarı” deyə bir ifadə var, Putin də hazırda məhz vicdan istismarçılığı ilə məşğuldur. Xalqın gözündə yaxşı görünmək üçün müəyyən addımlar atır.

Baxın, Azərbaycanda icra başçlarını rüşvət üstündə tuturlar, camaat da bundan ləzzət alır. Çünki əhali icra başçılarına nifrət edir. Bununla da rüşvətxorluğa qarşı mübarizə görüntüsü yaradılır.

Putin də yüksək rütbəli polis zabitlərinə qarşı bu cür davranır. O, iqtisadi böhranı düşünərək, müəyyən addımlar atır, hətta referendumun da vaxtını dəyişdi. Ancaq bütün hallarda Putinin etdikləri imitasiyadır”.

Ekspert qeyd edib ki, Putinin komandasında olan fiqurların bir çoxu onun xarici və daxili siyasətindən çox narazıdırlar:

“Bilirlər ki, Putin özü ilə bərabər onları da məhvə aparır. Ona görə də, Putini hakimiyyətdən kənarlaşdırmaq üçün müəyyən işlər görmək istəyirlər.

Rusiya prezidenti də onların bu istiqamətdə hər hansı plan cızmalarını önləmək üçün belə cəzalar tətbiq edir. Bununla düşmənlərinə və rəqiblərinə mesaj verir.

Putinin komandasında olan bəzi fiqurlar ABŞ-ın qarşısında bəraət qazanmaq istəyirlər. O, yaranmış böhrandan xalqın gözündə müsbət imiclə çıxmaq istəyir”.

Səxavət Məmməd