TÜİB sədri: "Türkiyə və Azərbaycan Orta Dəhlizin iki əsas sütunudur"
“Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı bu dövrdə Orta Dəhliz artıq alternativ deyil, əsas və mərkəzi marşruta çevrilib”.
Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat deyib.
Onun sözlərinə görə, dünya bu gün həm iqtisadi, həm də geosiyasi baxımdan dərin transformasiya mərhələsindən keçir:
“Türkiyə və Azərbaycan Orta Dəhlizin iki əsas sütunudur. Asiyanı Avropa ilə birləşdirən etibarlı və davamlı ticarət xətti bu gün bizim təşəbbüslərimiz üzərindən keçir. Bu, təkcə iqtisadi üstünlük deyil, eyni zamanda, yeni regional güc arxitekturasının da ifadəsidir”.
H. Büyükfırat işğaldan azad edilən ərazilərin bərpası barədə də danışıb:
“Bu gün Şuşada, Füzulidə və Zəngilanda inşa edilən hər bir bina, salınan hər bir yol, açılan hər bir hava limanı yeni Cənubi Qafqaz düzəninin əsaslarını formalaşdırır. Türkiyə iş dünyası olaraq bu prosesdə fəal iştirak etməkdən və qardaşlığa layiq şəkildə töhfə verməkdən böyük qürur duyuruq”.
Nəsimi Ələsgərli












