Nazir müavini: "Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı strateji xarakter daşıyır"

media-hightechnic-468x90

“Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı strateji xarakter daşıyır”.

Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Onun sözlərinə görə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri dərin tarixi köklərə və güclü strateji əsaslara malikdir:

“Ölkələrimiz arasında bütün istiqamətlər üzrə uğurla inkişaf edən münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və qarşılıqlı etimad sayəsində daha da möhkəmlənərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Xüsusilə son illərdə çoxtərəfli münasibətlərimizin dinamik şəkildə inkişaf etməsi ölkələrimizin iqtisadiyyatlarına mühüm töhfələr verməkdədir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrimizin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və qarşılıqlı ticarətin genişlənməsi üçün səmərəli, institusional baza yaradır.

Ticarət əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Bugünkü tədbirin əsas məqsədlərindən biri də məhz bu imkanların müzakirə edilməsi və reallaşdırılmasıdır. Türkiyə şirkətlərinin Azərbaycandakı fəaliyyəti ildən-ilə genişlənir. Hazırda ölkəmizdə Türkiyə şirkətləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir və bu, uzunmüddətli tərəfdaşlığımızın bariz nümunəsidir.

Türkiyə investisiyaları ölkəmizdə elektrotexnika, tekstil, qida sənayesi, tikinti materialları, kommunal təsərrüfat, pambıq emalı və digər sahələri əhatə etməklə yeni iş yerlərinin yaradılmasına, ixracyönümlü istehsalın inkişafına mühüm töhfə verir. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılır, həm də xarici bazarlara ixrac edilir.

Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesində ən fəal tərəfdaşlar sırasında yer alır. Enerji sahəsində əməkdaşlığımız isə artıq regional çərçivəni aşaraq strateji xarakter daşıyır. Həyata keçirilən enerji layihələri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bazarların şaxələndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir. Bu sahədə dialoqun daha da dərinləşdirilməsi investisiya gündəliyimizin genişlənməsinə də mühüm töhfə verəcəkdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa