Cevdet Yılmaz: "Hədəfimiz güclü Azərbaycan və Türkiyədir"
“Birliyimizin bizə verdiyi güclə ortaq fəaliyyətlərimizi artıraraq davam etdirmək, regionumuzun üzləşdiyi çağırışları fürsətə çevirməyimizə imkan yaradacaq”.
Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz deyib.
O, forumun iş adamlarımız arasında yeni əməkdaşlıqların qurulmasına imkan yaradan səmərəli bir platforma olmasını arzuladığını bildirib.
“Çıxışıma başlamazdan əvvəl işğal altında olan torpaqlarımızı azad edən qəhrəman Azərbaycan Ordusunun şəhidlərini rəhmətlə yad edir, qazilərimizi minnətdarlıqla anıram. Allah onlara rəhmət eləsin, ruhları şad olsun.
Hörmətli iştirakçılar, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və ortaq şüarımız olan “Bir millət, iki dövlət” prinsipi, başda ticarət və iqtisadi əlaqələrimiz olmaqla, bütün sahələrdə irəliləyişimizin ruhunu və yolunu əks etdirir.
Bu gün dünya miqyasında baş verən böhranlar bilik və təcrübə mübadiləsinin nə qədər vacib olduğunu bir daha göstərir. Birliyimizin bizə verdiyi güclə ortaq fəaliyyətlərimizi artıraraq davam etdirmək, regionumuzun üzləşdiyi çağırışları fürsətə çevirməyimizə imkan yaradacaq. Hədəfimiz güclü Azərbaycan və Türkiyədir”,- deyə o bildirib.
Nəsimi Ələsgərli











