Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Geosiyasi qarşıdurma və “Şərq tərəfdaşlığı”: Azərbaycan öz əhəmiyyətini qoruyub saxlayır

Reklam: Sinerji Pro

Brüsseldə dünən başa çatan Avropa İttifaqı (Aİ) “Şərq tərəfdaşlığı” Sammitinin plenar sessiyası mövcud geosiyası reallıqları bir daha qabartdı.

Yenicag.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Brüsselə səfər edən Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də işə başlayan “Şərq tərəfdaşlığı” Sammitində iştirak edib.

Sammitin plenar sessiyasında çıxış edən prezident İ. Əliyev Azərbaycanın əsas prioritetlərini iştirakçıların diqqətinə çatdırıb.

Belçika paytaxtına sözügedən Sammitdən bir gün əvvəl gələn Azərbaycan dövlət başçısı Brüsseldə bir sıra ikitərəfli görüşlər də keçirib. Prezident Ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşündə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, eyni zamanda beynəlxalq məsələlərdə uyğun mövqedən çıxış etmək imkanlarını dəyərləndirib.

Daha sonra NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən prezident İ. Əliyev Azərbaycanla Şimali Atlantika bloku arasında mövcud əməkdaşlıq imkanlarını müzakirə edib. Azərbaycan prezidenti ilə NATO-nun baş katibi qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsindən məmnunluqlarını bildiriblər.

Bu müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ətrafında yaranmış vəziyyətə də toxunulub. Görüşün sonunda prezident İ. Əliyev NATO-nun baş katibini Azərbaycana dəvət edib.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” Sammitindən əvvəl Qərbin Azərbaycana qarşı təzyiqləri gücləndirdiyini əsas gətirən müəyyən dairələr prezident İlham Əliyevin Brüsselə səfər edəcəyini şübhə altına almağa çalışırdılar.

Lakin Azərbaycan prezidentinin Belçika paytaxtına səfəri və Brüsseldə bir sıra məhsuldar görüşlər keçirməsi rəsmi Bakının Qərblə münasibətlərində həlledilməz anlaşılmazlıqların olmadığını, tərəflərin qarşılıqlı əməkdaşlığa ciddi əhəmiyyət verdiklərini ortaya qoydu.

Sammitdə “Şərq tərəfdaşlığı” proqramının 6 iştirakçısından 3-nün – Azərbaycan, Moldova və Ermənistan – Aİ ilə assosiativ saziş imzalaması məsələsinin yubanması da Sammitdə anlayışla qarşılanıb və bu zaman mövcud geosiyasi reallıqlar, xüsusilə də Rusiya amili nəzərə alınıb.

Bu yanaşma Almaniyanın federal kansleri Angela Merkelin tədbirdəki çıxışında kifayət qədər açıq formada ifadə olunub. Merkel Aİ-nin Azərbaycan və Ermənistanla əməkdaşlığı davam etdirəcəyini bildirib:

“Bu üzdən də Gürcüstan, Moldova və Ukrayna ilə “Assosiasiya sazişi” imzaladığımız üçün çox sevinirəm. İndi isə Ermənistan və Azərbaycanla tərəfdaşlıq haqqında saziş imzalayacağıq.

Doğrudur, bu, Assosiasiya sazişi kimi intensiv olmayacaq, lakin biz onlarla əməkdaşlıq edəcəyik. Aydındır ki, bu ölkələrin Rusiya ilə münasibətləri əsas rol oynayır. Bu səbəbdən də ümidvaram ki, bugünkü dialoq zamanı sözügedən ölkələrdə daxili siyasi vəziyyətin hansı səviyyədə olduğunu anlayacağıq”.

Sammitlə bağlı əlamətdar məqamlardan biri də yekun Bəyannaməsinin qəbulunda hər hansı problemin yaranmamasıdır. Xatırladaq ki, 2015-ci ilin payızında baş tutmuş analoji tədbirdə göstərilən coğrafiyada davam edən münaqişələrə fərqli münasibət ciddi narazılıq doğurmuşdu.

Lakin təşkilatçılar bu dəfə problemlə qarşılaşmamaq üçün Bəyannamədə mövcud münaqişələri konkretləşdirməyib və sənəddə dünyanın bir çox yerində beynəlxalq hüquq prinsiplərinin pozulması barədə narahatlıqlarını əks etdiriblər:

“Sammit iştirakçıları mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə, həmçinin, lazım gəldikdə ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səyləri və Aİ-nin güclənmiş rolunu alqışlayır”.

“Şərq tərəfdaşlığı” Sammitinin yekunlarını və Azərbaycan-Aİ münasibətlərinin inkişaf imkanlarını Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynlinin fikrincə, rəsmi Bakı bu istiqamətdə həyata keçirtdiyi fəaliyyətini yarıyolda dayandırmayacaq:

Qabil Hüseynli

“Brüsseldə keçirilmiş Sammiti bir neçə aspektdən Azərbaycan üçün uğurlu adlandırmaq olar. Məsələn, Sammitin yekun Bəyannaməsində mövcud münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi məqamının yer alması Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki mövqelərini gücləndirən amildir.

Bundan başqa, Azərbaycanın Aİ ilə əməkdaşlığının indiki mərhələsində əldə olunmuş razılaşmalar Azərbaycanın Qərbə doğru inteqrasiyasının dönməz prosesə çevrildiyini, ölkəmizin Avropa məkanının bir parçasına döndüyünü əyani surətdə təsdiqləyir. Eyni zamanda, Sammitdə Azərbaycana verilən önəm, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolun etirafı da əhəmiyyətli məqamdır.

Həmçinin, vurğulanmalıdır ki, Bakı ilə Brüssel arasında ciddi anlaşmaların olması Azərbaycanı artıq bir postsovet ölkəsi yox, tamhüquqlu Avropa dövləti kimi təqdim etməyə də imkan verəcək.

Azərbaycanın Aİ ilə assosiativ saziş imzalaması məsələsinə gəldikdə isə deyə bilərik ki, tərəflər arasındakı mövcud anlaşmanın şərtləri həmin sazişdəki müddəalardan elə də çox fərqlənmir. Yəni indiki anlaşma çərçivəsində də ciddi əməkdaşlıq imkanları yaradılıb.

Qəti şəkildə əminəm ki, Azərbaycan Aİ ilə inteqrasiya istiqamətində həyata keçirtdiyi fəaliyyətini yarıyolda dayandırmayacaq. Etiraf edək ki, hazırda Rusiya ilə Ermənistanın Azərbaycan üçün yaratdıqları bəlli problemlər bu prosesi ləngidir.

Ancaq rəsmi Bakı Aİ ilə əməkdaşlıq məsələsində atdığı və davam etdirdiyi addımları məntiqi sonluğa çatdıracaq”.

A. Zeynalov

www.yenicag.az

1419
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM