Duma “ölünü diriltmək” İSTƏYİR: Kremlin SSRİ illüziyası BAŞLADI

media-hightechnic-468x90

“Ötən gün Rusiya Dövlət Dumasında Sovet İttifaqının bərpası məsələsi müzakirəyə çıxarılıb. Hətta bu məsələni Rusiya Prezidentinin müşaviri Anton Kobyakov səsləndirib. Daha sonra Kommunist Partiyasının nümayəndələri, o cümlədən Nina Ostanina qeyd ediblər ki, SSRİ-nin dağılması qeyri-qanuni olub, yəni hüquqi baxımdan leqal sayılmamalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

media-5h2xmzwrafswajrcws1s

O, Rusiya Dövlət Dumasında Sovet İttifaqının bərpası məsələsinin müzakirəyə çıxarılmasını və 1991-ci ildə imzalanan “Belovej razılığı”nın ləğv olunması məsələsini müzakirə edib.

S. Zahidov xatırladıb ki, onlar 1991-ci ildə Belarus, Ukrayna və Rusiya liderləri – Stanislav Suskeviç, Leonid Kravçuk və Boris Yeltsin arasında imzalanan razılaşmaların legitim olmadığını bildiriblər:

“Onların iddiasına görə, həmin dövrdə Sovet İttifaqında referendum keçirilmişdi və bu referendumlarda xalq SSRİ-nin tərkibində qalmağa səs vermişdi. Aydın məsələdir ki, bu iddialar həqiqəti əks etdirmir. Birincisi, həmin referendumların nəticələri saxtalaşdırılmışdı və süni şəkildə həyata keçirilmişdi. Azərbaycanda da guya əhalinin əksəriyyəti Sovet İttifaqının tərkibində qalmaq istəmişdi. Halbuki, bu belə deyildi. 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktı qəbul olunanda dekabrın 9-da bu məsələ referenduma çıxarıldı və əhalinin 99 faizi müstəqilliyi dəstəklədi. Yəni 99 faiz müstəqilliyi dəstəkləyən əhali necə SSRİ-nin tərkibində qalmağa səs verə bilərdi?”

Onun sözlərinə görə, eyni vəziyyət digər respublikalarda da yaşanmışdı:

“Hər biri Sovet İttifaqından ayrılmaq istəyirdi. Bəziləri bunun üçün meydanlara çıxdı, bəziləri isə hətta canından keçdi. Azərbaycanda da vəziyyət eyni idi və sovet əleyhinə aksiyalar geniş miqyas almışdı. Nəticədə Sovet ordusu 20 Yanvarda Bakıya daxil oldu və qanlı hadisələr baş verdi. Aydın görünür ki, Dövlət Dumasındakı dünənki çıxış sadəcə bir teatr tamaşasını xatırladır və burada bir növ Rusiya rəhbərliyinin SSRİ ilə bağlı nostalji və revanşist fikirləri əks olunub”.

S. Zahidovun fikrincə, məlumdur ki, Prezident Putin dəfələrlə SSRİ-nin dağılmasını böyük faciə adlandırıb:

“Düşünürəm ki, bu yanaşmanın arxasında daha çox siyasi motiv dayanır. Moskva bu yolla postsovet məkanına mesaj verməyə çalışır ki, “mənim hələ də burada təsirim var, hələ də mən dominant gücəm və bu regiondakı dövlətlər mənim iradəmlə hesablaşmalıdır”. Amma yenə də deyirəm, Rusiyanın o dövrü artıq keçib. Rusiya Ukraynaya qarşı hərbi müdaxiləyə başlamaqla böyük bir strateji səhv etdi. Bu addım postsovet məkanındakı digər dövlətlərə də Rusiya aqressiyasının real olduğunu göstərdi və nəticə olaraq həmin ölkələr Moskva ilə məsafə saxlayaraq ondan uzaqlaşmağa başladılar”.

“Rusiyanın bu imperialist təkəbbürü son nəticədə o nöqtəyə gətirib çıxardı ki, artıq Azərbaycan da Rusiya ilə əvvəlki münasibətlərə malik deyil. Dekabrda baş verən helikopter qəzasından sonra Rusiya bu məsələni kifayət qədər diqqətdə saxlamadı, üzrxahlıq addımlarını yerinə yetirmədi. Düşünürəm ki, Rusiya özü də artıq anlayır ki, bu regionda onun təsir dairəsi getdikcə daralır. Məhz buna görə də müxtəlif yollara, o cümlədən Sovet İttifaqının bərpası kimi mümkün olmayan, teatral addımlara əl ataraq gündəmi zəbt etməyə çalışır” – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

 

 

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600