“Girovları zorla döyüşə göndərirlər…”
“Ukraynanın şərqində silahlı qruplaşmalar əhalini qorxu altında saxlamaq üçün girov götürdükləri adamlara işgəncə verməkdə və onları edam eləməkdə davam edirlər”. Bu barədə BMT-nin insan haqları üzrə ali komissarının mətbuat xidməti idarəsinin yaydığı məruzədə bildirilir.
Məruzə iyunun 8-dən 15 iyul 2014-cü ilədək olan dövrü əhatə edir və BMT missiyası tərəfindən hazırlanan sayca dördüncü hesabatdır. Sənəddə bildirilir ki, ölkənin silahlı qruplaşmaların nəzarətində olan şərq rayonlarında qanunsuzluq baş alıb gedir və bölgədə bütünlüklə “qanunun aliliyinin çökməsinə” gətirib.
“Aprelin ortalarından Donetsk və Luqanskda 812 nəfər oğurlanıb və ya nəzarət altına alınıb. Onlardan bəziləri yerli siyasətçilər, dövlətin vəzifəli adamları və daş kömür sənayesi müəssisələrinin əməkdaşlarıdır. Əksəriyyət isə sadə vətəndaşlar, o sırada müəllimlər, jurnalistlər, din təmsilçiləri və tələbələrdir. Silahlı qrupların təmsilçiləri bir çox hallarda onlarla qəddar davranır, girovlardan hətta səngər qazmaq üçün istifadə edir, onları ön sıralarda döyüşə göndərirlər”, – deyə missiya qeyd edir.